Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/
Sabunçuda evlərdən oğurluq edən cinayətkar dəstənin üzvləri yaxalanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dəstə üzvləri sentyabrın 19-na keçən gecə, Kürdəxanı qəsəbəsində yaşayan Almurad Rəhimovun evindən, açıq pəncərədən keçməklə məişət əşyaları və oktyabrın 3-də Fuad Əliyevə məxsus Pirşağı qəsəbəsində yerləşən yarım tikilədən samovar oğurlayıblar.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən şəxslərin Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Hüseyn Hüseynov, Əziz Babayev və 1992-ci il təvəllüdlü Orxan Səlimov olduğu müəyyən edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri cari ilin avqust ayının 28-nə keçən gecə Pirşağa qəsəbə sakini Seyran Kərimovun evindən, pəncərəni sındırmaqla ev əşyalarını oğurlayıblar.
Faktla bağlı istintaq aparılır.