...

5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq

Hadisə Materials 20 Noyabr 2017 17:34 (UTC +04:00)
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.
5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq

Bakı. Samir Əli - Trend:

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil təqsirləndirilən şəxsə bəraət istəyib.

Fasilədən sonra son söz deyən təqsirləndirilən şəxs E.Aslanov bildirib ki, hadisədə heç bir günahı yoxdur və o şərlənərək həbs edilib.

Son sözdən sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə yollanıb.

Noyabrın 21-də təqsirləndirilən şəxsə hökm oxunacaq.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs E.Aslanova 10 il cəza istəyib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

"Mercedes" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

E.Aslanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti