Bakı. Trend:
Qazaxın Xanlıqlar kəndi ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Ağstafa su anbarının ətrafına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-365A), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd F-1 əl qumbarası və 1 ədəd PQ-15 raketinin gilizi (NBL-60)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.