...

Nadir çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 15 Mart 2021 16:40 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

DİN-dən Trend-ə bildirilib ki, Cəlilabad rayon sakini olan bir nəfər Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Daha sonra özünü Türkiyə Respublikasının vətəndaşı “Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Xətai RPİ-nin əməkdaşlarının zərərçəkənin şikayəti əsasında “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, qeyd edilən hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Röyal İmamverdiyev və Ruslan Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Röyal İmamverdiyev və Ruslan Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə, DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti