...

Yasamalda 8 nəfərdən 25 kiloqramdan artıq narkotik götürülüb (FOTO/VİDEO)

Hadisə 21 Yanvar 2022 13:24 (UTC +04:00)
Yasamalda 8 nəfərdən 25 kiloqramdan artıq narkotik götürülüb (FOTO/VİDEO)

Bakı. Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkar olunub. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Həyata keçirilən digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə. Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti