...

"Berlin Pub"da törədilən qətl geyimə görə olub - Məhkəmə

Hadisə Materials 23 Fevral 2022 17:02 (UTC +04:00)
"Berlin Pub"da törədilən qətl geyimə görə olub - Məhkəmə

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Elşən Quliyev bildirib ki, "Berlin Pub"-da işləyib.

"Həmin gün 3 nəfər gəlmişdi. Orxan mədəni şəkildə dedi ki, geyiminizi səliqəyə salın keçin. İçəridə olanda dedilər ki, yer rezerv etmişik. Biz Ramin müəllimdən soruşanda o dedi ki, bunların xanımsız əyləşmələri qeyri-mümkündür. Çünki stol məsələsinə biz mühafizəçilər qarışmırıq. Sonra 3 dostdan biri dedi ki, biz kiminlə əlaqə saxlamışıqsa, onunla da danışmaq istəyirik. Mən Valehdən xahiş etdim ki, yola verin, gələn dəfə problem olmayacaq. Mərhumun dostu Valeh Orxanla acı danışdı. Mübahisələri olanda mən onları ayırdım", - şahid bildirib.

Digər şahid Sevinc Aslanova həmin obyektdə rezervasiya işlərinə nəzarət etdiyini bildirib: "Yeri rezerv edən şəxsə telefonda deyilməmişdi ki, qızla gəlin, amma onlara xəbərdarlıq edilmişdi ki, qapıda kontrol var və geyiminizi ona görə uyğunlaşdırın. Valeh və Orxanın dalaşdığını gördüm".

Məhkəmənin növbəti baxış iclası martın 9-na təyin edilib.

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti