Bakı. Trend:
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son
25 gündə
32 narkotacir tutulub olardan 90 kiloqram narkotik maddə aşkar
edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
idarənin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün
ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə
vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik
maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin
daha 32 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 90 kiloqram
narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli
həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar
edilib.
Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın
Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev,
İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov
tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə
də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici
narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram
metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop
tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin
satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı
istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4
nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda
narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını
təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla
yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə
istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif
etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb
etmək olub.
Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.