Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan
məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan
Respublikası vətəndaşı olan iki nəfər şəxs nəzarətə götürülüb və
onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil
telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama
zamanı həmin şəxslərin çamadanlarındakı sellofan paketlərin
içərisindən, qutu və aksesuarları ilə birlikdə, müxtəlif
yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 pro max” 256 gb, 3 ədəd
“iPhone 14 pro max” 128 gb, 17 ədəd “iPhone 14 pro” 128 gb, 13 ədəd
“iPhone 14 pro” 256 gb) mobil telefonlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.