...

Xaçmazda ağır qəza - Ölən və yaralananlar var (FOTO)

Hadisə Materials 5 May 2025 16:31 (UTC +04:00)
Xaçmazda ağır qəza - Ölən və yaralananlar var (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin may ayının 4-də Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.

"Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər - T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!",- deyə məlumatda qeyd edilib.

Hadisə ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 04.05.2025-ci il saat 17:40 radələrində Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü kişi, 1-i qadın cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Hazırda xəsarət alan 1965-ci il təvəllüdlü (qadın cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslərə zəruri tibbi yardım göstərilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

1962-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qusar rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 19:20 radələrində ölüm faktı qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti