Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq
səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə
aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real
olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq
müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb
olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını
K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart
məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla
onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar
“izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino
oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar.
Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000
manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla
bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov
cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu
kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya
verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli
şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları
göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə
dərhal bu barədə polisə məlumat verilməlidir.
