...

Nəhəng dərman şirkəti 3 milyard dollar təzminat ödəyəcək

Maraqlı Materials 3 İyul 2012 14:56 (UTC +04:00)
Dünyanın nəhəng dərman istehsalçılarından biri olan “GlaksoSmitKlayn” şirkəti “Paksil”, “Velbutrin” və “Avandia” dərmanları barədə səhv məlumat verərək səhiyyə sistemini aldatması səbəbi ilə 3 milyard dollarlıq rekord təzminat ödəyəcək.
Nəhəng dərman şirkəti 3 milyard dollar təzminat ödəyəcək

Azərbaycan, Bakı, 3 iyul / Trend, müxbir X.Murtuzayeva/

Dünyanın nəhəng dərman istehsalçılarından biri olan "GlaksoSmitKlayn" şirkəti "Paksil", "Velbutrin" və "Avandia" dərmanları barədə səhv məlumat verərək səhiyyə sistemini aldatması səbəbi ilə 3 milyard dollarlıq rekord təzminat ödəyəcək. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir.

"GlaksoSmitKlayn" barəsində korrupsiya ittihamı ilə açılan cinayət işi üzrə məhkəmə prosesində şirkət 3 milyard dollar təzminat ödəmək qərarının yerinə yetirilməsinə dair tələbi qəbul edib.

Şirkət "Paksil", "Velbutrin" və "Avandiya" adlı dərmanların tibbi təhlükəsizliyi ilə əlaqədar kifayət qədər məlumat vermədən onları bazara təqdim etməkdə günahlandırılır. Məhkəmə təhqiqatını aparan prokurorun müavini Stüart Deleri bəyan edib ki, buna dözümlülükdən söhbət belə gedə bilməz: "Səhiyyə sistemində fırıldaqçılıq həyatımıza hər istiqamətdən toxunan bir epidemiyadır. Və bundan başqa, əczaçılıq sənayesinin bunları yalnız ticarət həyatının adi bir parçası olaraq gördüyünü hiss edirik. Elə buna görə, məhkəmə mümkün olan hər yolla sağlamlığın təhdid olunmasına meydan verməmək üçün mübarizə aparmaqda qərarlıdır".

Digər tərəfdən şirkət ciddi əlavə təsirlərinə baxmayaraq, həkimlərin bu dərmanları reseptlərinə yazmaları üçün rüşvət verməkdə də günahkar bilinir. Ekspert rəyləri insan həyatının necə heç hesab edildiyini meydana çıxarıb. Məlum olub ki, "Avandiya" dərmanından istifadə nəticəsində 50-100 min diabet xəstəsində gözlənilmədən infarkt hadisəsi qeydə alınıb. Bununla da dərman çoxlu sayda insanın ölümünə səbəb olub.

"Euronews"un verdiyi xəbərə görə, ABŞ tarixində indiyə qədər bu ən böyük səhiyyə fırıldaqçılığı hadisəsində "GlaksoSmitKlayn" şirkətinin ödəyəcəyi 3 milyard dollarlıq təzminatın bir hissəsi cinayət cəzası, digər hissəsinin isə vətəndaşların ölümünə görə nəzərdə tutulduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti