Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Əfsanəvi inqilabçı Ernesto Çe Gevaranın həyatının son aylarında yazdığı gündəlik internet istifadəçilərinə təqdim olunub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Boliviya mətbuatına istinadən xəbər verir.
"Çenin Boliviya gündəliyi" onun bu ölkəyə gəlişindən 1967-ci ilin oktyabrınadək olan dövrü əhatə edən qeydlərdən ibarətdir. Gündəlik üç il bundan əvvəl Boliviyanın Mədəniyyət Nazirliyinin sərəncamı ilə nəşr olunub. Gündəlikdə müəllif tərəfindən sonuncu qeyd 1967-ci il oktyabrın 7-də, yəni ölümündən iki gün əvvəl edilib.
İndi Çe Gevaranın həmin qeydlərini www.chebolivia.org saytında oxumaq mümkündür.
Çe Gevaranın gündəliyi internet istifadəçilərinə ödənişsiz təqdim olunur. Yazıların əsli hazırda Boliviyada qorunub saxlanılır.
1980-ci illərdə bu yazılar Londondakı hərracda naməlum alıcı tərəfindən alınıb. Başqa bir versiyaya görə isə, gündəliklər Boliviya ordusunun saxlancından oğurlanıb.
İxtisasca həkim olan Ernesto Çe Gevara Latın Amerikası xalqlarının azadlığı uğrunda mübarizənin simvoludur. 1959-cu ildə Fidel Kastro ilə Kubada inqilabın qələbəsinə nail olan Çe Gevara mübarizəni davam etdirmək qərarına gəlir. 1967-ci ildə o, Boliviya ordusunun dəstələri tərəfindən ələ keçirilir. Çe Gevara 1967-ci il oktyabrın 9-da güllələnir.
İnqilabçının məzarı Kubanın Santa-Klara şəhərindəki məqbərədə yerləşir.