...

Almaniya istehsallı avtomobil həvəskarlarının nəzərinə (FOTO)

Maraqlı Materials 22 Yanvar 2013 15:01 (UTC +04:00)
"Varranti Dayrekt” sığorta şirkətinin mütəxəssislərinin apardıqları araşdırma nəticəsində ən etibarlı mühərrikə malik avtomobillər məlum olub.
Almaniya istehsallı avtomobil həvəskarlarının nəzərinə (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir X.Murtuzayeva/

"Varranti Dayrekt" sığorta şirkətinin mütəxəssislərinin apardıqları araşdırma nəticəsində ən etibarlı mühərrikə malik avtomobillər məlum olub. Araşdırma zamanı 36 müxtəlif markadan olan avtomobil sahiblərinin qeydiyyata alınmış müraciətləri təhlil olunub. Trend-in məlumatına görə, bu barədə "Auto Express" saytı xəbər verir.

Məlum olub ki, "MG Rover" markasından olan avtomobillər ən etibarsız maşınlardır. Bu avtomobillərdə mühərrikin sınması ehtimalı 7,88 faiz təşkil edib. Bu isə o deməkdir ki, faktiki olaraq bu brenddən olan hər 13 maşından biri sınır. Yeri gəlmişkən, söhbət burada yalnız işlənmiş maşınlardan gedə bilər, çünki "Rover" markası altında maşınlar 2005-ci ildən buraxılmır.

Amma etibarsızlar arasında "Audi" avrtomobillərinin ikinci yeri tutması həqiqətən maraqlıdır. Bu brenddən olan maşınlarda mühərrikin nasazlığı ehtimalı 3,71 faiz təşkil edir.

Siyahıda üçüncü yeri "Mini" (2,51 faiz), dördüncü yeri "Saab" avtomobilləri (2,49 faiz) tutur. Beşinci yerdə isə "Opel/Vauxhall" (2,46 faiz) brendi qərarlaşıb.

Maraqlıdır ki, "Audi" və "Opel" etibarsız Almaniya avtomobilləri arasında heç də sonuncu yerdə deyillər. Məsələn, BMW yeddinci (sınma ehtimalı 2,2 faiz), "Volkswagen" isə doqquzuncu (1,91 faiz) yeri tutub.

Məruzəyə görə, ən az sınan mühərriklər "Honda" avtomobillərinə məxsusdur. Yaponiya avtomobilinin mühərrikinin sınma ehtimalı cəmi 0,29 faizdir, yaxud hər 344-dən birində baş verir. İkinci yeri 0,58 faiz halda sınan "Toyota"nın mühərrikləri tutur. Üçüncü yerdə "Mercedes Benz" (0,84 faiz), dördüncü yerdə isə "Volvo"dur (0,90 faiz).

Liderlər beşliyini 0,98 faiz sınma ehtimalı ilə "Jaguar" tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti