Londonun telefon köşkləri smartfonlar üçün yükləmə stansiyalarına çevrilir

Maraqlı Materials 3 Oktyabr 2014 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı 3 oktyabr /Trend/

Londonda istifadədən çıxarılan telefon köşklərini smartfonlar üçün Günəş enerjisi ilə işləyən yükləmə stansiyalarına çevirirlər. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" BBC-yə istinadən xəbər yayıb.

İlk 6 belə köşk bu həftə paytaxtın mərkəzi küçələrindən biri olan Totenhem-Kort-roudda, daha 5-i isə gələn ilin aprelində istismara veriləcək.

Köşkdə yükləmədən pulsuz istifadə etmək mümkündür, lakin telefon enerji ilə yüklənənə kimi reklama baxmaq lazım gələcək. Belə köşk gün ərzində 100-dək telefona xidmət göstərə bilər. 10 dəqiqə ərzində isə köşkdə standart telefonun batareyasını təxminən 20 faiz yükləmək mümkündür.

Böyük Britaniyanın bütün dünyada məşhur olan qırmızı telefon köşkləri istismardan çıxarılır. Onlardan bəzilərini kitabxanaya çevirir və ya onlarda tibbi avadanlıqlar yerləşdirirlər.

"Solarbox" adlı bu layihə üçün ilk köşkü yaşıl rəngə boyayıblar, onun damında isə 85 santimetrlik Günəş paneli quraşdırıblar. İçəridə müxtəlif modelli telefonlar üçün bir neçə yükləmə qurğusu, eləcə də ekran quraşdırılıb.

Layihəni hazırda sahibkarlıqla məşğul olan iki keçmiş tələbə - Harold Kraston və Kirsti Kenni fikirləşiblər. Onların proqnozlarına görə, açıldığı andan etibarən köşkdən bir saat ərzində 6 adam istifadə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti