Bakı.Trend:
ABŞ-nin Salk İnstitutunun alimləri kalori azlığı şəraitində BCL6 zülalının əzələ kütləsi həcminin saxlanılmasında başlıca rol oynadığını müəyyən edib.
Trend xəbər verir ki, müvafiq elmi araşdırmanın nəticələri “Proceedings of the National Academy of Science” (PNAS) dərc edilib.
Əzələlər – insan bədənində üstünlük təşkil edən toxumalardır və insanın hərəkətliliyində, fəallığında və gümrahlığında vacib rol oynayır. İnstitutun professoru Ronald Evansın dediyinə görə, əzələ kütləsinin qorunub saxlanılması da ümumi sağlamlıq və həyat keyfiyyəti baxımından az əhəmiyyət daşımır.
Alimlərin sözlərinə görə, qidalanmayan orqanizm aclıq rejiminə keçir və “boş mədə” beyinə siqnal ötürərək, müxtəlif hormanların səviyyəsində dəyişikliyə təkan verir.Həmin hormonlar isə öz növbəsində əzələlərin inkişafında mühüm rol oynayan IGF1 (insulinə-bənzər boy faktoru 1) ayrılmasını stimullaşdırır.
Lakin boy hormonunun istehsalı ilə IGF1 sintezinin tənzimlənməsi arasında SOCS2 kimi bir sıra zülalların iştirakı ilə mürəkkəb bir şəbəkə mövcuddur. Həmin zülal IGF1 miqdarını tənzimləyir: əgər SOCS2 çox azdırsa, IGF1 izafi şəkildə ayrılır ki bu da , gigantizmə səbəb ola bilər. Əksinə, SOCS2-nin həddindən artıq çox olması əzələlərin zəifləməsinə gətirib çıxarır.
