...

Rusiya Ermənistan ərazisində ikinci hərbi baza yaratmaq niyyətinin olması barədə məlumatı təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2007 18:01 (UTC +04:00)
Rusiya Ermənistan ərazisində ikinci hərbi baza yaratmaq niyyətinin olması barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Rəsmi Moskva Cənubi Qafqaz ərazisində ikinci hərbi baza yaratmaq barədə məlumatı təkzib edir. Cümə axşamı Trend ə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun verdiyi məlumata görə, bu məlumat həqiqətə uyğun deyil.

RF-nin müdafiə idarəsinin nümayəndələri işgüzar səfərlə Ermənistandadırlar. KİV-in verdiyi məlumata görə, Ermənistan paytaxtında onlar hökumətin rəsmi şəxsləri və Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcək və Ermənistanın ərazisində ikinci rus hərbi bazasının yaradılması məsələsini müzakirə edəcəklər.

Ermənistanın Gümri şəhəri ərazisində 102-ci hərbi hissəsinin yerləşdiyi rus hərbi bazası mövcuddur.

"Rusiyanın Ermənistanda yeni hərbi baza yaratmaq planları yoxdur" - səfir bildirib.

Azərbaycan hökumət orqanlarının təkidi ilə, hələ ötən əsrin 90-cı illərində sovet hərbi bazaları ləğv olunub. Digər Cənubi Qafqaz respublikasından-- Gürcüstandan rus bazaları tam olaraq 2008-ci ildə çıxarılacaq.

Azərbaycan tərəfi Rusiyanın Ermənistanda yeni hərbi bazasının yaradılması ilə bağlı məlumata kəskin reaksiya verib.

"Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması təcavüzkar dövlətin Moskva tərəfindən dəstəklənməsini göstərən növbəti fakt olacaq", - deyə cümə axşamı Azərbaycan parlamentinin birinci vitse-spikeri, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədri Ziyafət Əsgərov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinimn həll olunmasında vasitəçiliyinin obyektvliyinə və neytrallığına kölgə salacaq.

"Ermənistan ərazisində ikinci rus hərbi bazasının yaradılması regionda onsuz da kritik olan vəziyyəti gərginləşdirəcək", - deyə əvvəllər Trend ə verdiyi məlumatda Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi İlqar Verdiyev bildirib.

Hərbi ekspert, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, Ermənistanda ikinci rus hərbi bazasının yaradılması region ölkələrinin etirazına səbəb olacaq.

Onun sözlərinə görə, Gümridəki hərbi bazanın genişləndirilməsi və gücləndirilməsini Rusiya əsas vəzifəsi hesab edir. Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratmasını ekspert Azərbaycan üçün təhlükəli hesab edir.

"Rusiya tərəfinin addımları regionda gərginliyə səbəb olacaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin çətin olduğunu nəzərə alsaq, bu gərginliyin kifayət qədər ciddi olacağını proqnozlaşdırmaq olar" - deyə Cəfərov bildirib.

"Azərbaycan tərəfi ATƏT qarşısında ciddi məsələ qaldırmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi , Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti