...

ABŞ dövlət katibinin müavini: "Kosovo nizamlama modeli Dağlıq Qarabağ üçün presedent deyil və ola bilməz"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 14:03 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini: "Kosovo nizamlama modeli Dağlıq Qarabağ üçün presedent deyil və ola bilməz"

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Kosovo nizamlama modeli Dağlıq Qarabağ və ya digər münaqişə üçün presedent deyil və ola bilməz. Belə ki, bu olduqca fərdi prosesdir. Bu barədə Bakıda Amerika ali təhsil ocaqlarının məzunları ilə görüş zamanı ABŞ dövlət katibinin müavini Deniel Frid bildirib.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması mövqeyindən çıxış edir. Çünki hərbi əməliyyatlar səbəbindən asılı olmayaraq hər iki ölkə üçün fəlakətə gətirib çıxaracaq" - deyə Frid vurğulayıb.

O, Cənubi Qafqaz regionunda hərbi qüvvələr balansını şərh etmək istəməyib. Frid münaqişənin həlli barəsində danışmağı üstün tutub: "Hazırda regionda stabilliyin yaradılması çox vacibdir".

ABŞ dövlət katibinin müavini bildirib ki, münaqişənin həlli Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü dövlət olmasına kömək edəcək. Onun sözlərinə görə, Amerikanın qrant siyasəti ölkələrin güclü və müstəqil olmalarına yardım etməyə istiqamətlənib.

ABŞ dövlət katibinin Avropa və Avroasiya üzrə müavini Frid Bakıda bir sıra görüşlər keçirib. O, Azərbaycan prezidenti İlham Əliyev, bir neçə Qeyri-Hökumət Təşkilatı, müxalifət partiyalarının rəhbərləri və Amerika ali təhsil ocaqlarının məzunları ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti