...

Ermənistan danışıqlardan kənara çəkilsə, Azərbaycan öz ərazisində erməni icması ilə danışığa gedə bilər - Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunması üçün Ermənistanın prosesdən kənara çəkilməsini istəyir. "Ermənistan bu prosesdən tam kənara çəkilməlidir. Azərbaycanın torpaqlarını Ermənistan Silahlı Qüvvələri işğal ediblər. Ermənistan tamamilə kənara çəkilərsə, Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə Azərbaycan öz ərazisində erməni icması ilə danışığa gedə bilər", şənbə günü Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: İyunun 6-da Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasında görüş olub. Görüş tanışlıq xarakteri daşıyıb. Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bildirib ki, Dağlıq Qarabağın əhalisi danışıqlarda iştirak etməlidir.

Məmmədov indiki halda icmaların görüşməsini mümkün saymır. "İcmaların görüşməsi o zaman mümkün ola bilər ki, Azərbaycan və Ermənistan arasında müəyyən bir sənəd imzalansın. Sonra isə Dağlıq Qarabağda Ermənistan icmasının yerləşdirilməsi, məcburi köçkünlərin qayıtması və digər işlərlə bağlı danışıqlar ola bilər", - deyən Məmmədov bildirib ki, danışıqların hansı məcrada davam edəcəyi həmsədrlərin regiona səfərindən sonra məlum olacaq. "Prezidentlər Xarici İşlər Nazirlərinə və həmsədrlərə göstərişlər veriblər. Müəyyən yeni məqamlar var və fikir mübadiləsi aparılmalıdır. Mövqe formalaşandan sonra proseslərin davamı haqqında düşünmək olar", - deyə Məmmədov bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti