...

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında "sövdələşməni" mümkün hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2008 15:11 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında "sövdələşməni" mümkün hesab edir

Ərazi bütövlüyü prinsipi mövcuddur. Lakin Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında saziş olarsa, o zaman bu sazişi hər kəs qəbul etməli və bu saziş beynəlxalq hüquq və diplomatiyanın digər prinsiplərini də özündə birləşdirməlidir, - yeni yaranmış dövlətlərin müstəqilliyinin tanınmasına dair hazırki prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir edəcəyi barədə sualı cavablandıran ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. Bununla yanaşı, diplomat əlavə edib ki, belə saziş mümkündür, - "Arminfo" qəzeti xəbər verir.

"Bu mümkün olmasaydı mən burda olmazdım. Mənim rəisim (Kondoliza Rays - redaktorun qeydi) hesab edir ki, belə saziş mümkündür və bununla əlaqədar məndən bura gəlməyi xahiş edib. Cənubi Osetiya və Abxaziyaya gəldikdə isə, yalnız Rusiya və Nikaraqua onları tanıyıb və baş verənlər beynəlxalq hüquq baxımından qeyri-qanunidir. Moskva Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin həll olunduğunu hesab edirsə, səhv edir və bu hələ başlanğıcdır", - amerikalı vasitəçi bildirib. Brayza eyni zamanda Kosovoya dair fikrini də bildirib: "BMT Kosovodakı vəziyyətin dünyada mövcud olan bütün digər vəziyyətlərdən fərqləndiyi barədə qərar qəbul edib. 1244 saylı Qətnamədə qeyd olunur ki, oradakı vəziyyət Cənubi Osetiya və Abxaziyadan fərqlidir".

Brayza əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. "Ümid edirəm ki, bizim həmkarlarımızla burada, Bakı və Yerevanda yalnız diplomatiya yolunun bütün münaqişələri həll edə biləcəyi barədə razılığa gələ biləcəyik", - amerikalı həmsədr bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Brayza sentyabrın 12-də birgünlük tanışlıq səfəri ilə Xankəndiyə gəlib. Amerikalı həmsədri qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyan qəbul edib.

Xəbər lenti

Xəbər lenti