...

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə xaricdən hər hansı bir reseptlərin qəbul etdirilməsinin əleyhinədir – XİN rəhbəri Lavrov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend / Azərbaycanın bir sıra informasiya agentliklərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müsahibəsi

 

- Cənab nazir, Bakıda aparılacaq danışıqlar zamanı müzakirə olunacaq məsələlər barədə bilmək istərdik.

 

- Mənim vəzifəm, Rusiya və Azərbaycan arasında 2008-ci il iyulun 3-də imzalanan Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsinin yerinə yetirilməsi üzrə ilkin nəticələrə yekun vurmaq və qarşıdakı dövrdə həmin sənədin müddəalarının reallaşdrılması üzrə konkret addımları planlaşdırmaqdan ibarətdir. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə planlaşdırılan görüş zamanı hazırki vəziyyət və ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair Azərbaycan Prezidentinin fikirlərini eşidəcəyəm.

Bakıda həmkarım - xarici işlər naziri Elmar Məmmədyarov ilə siyasi əməkdaşlıq, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələr də daxil olmaqla, gündəlikdə duran əsas ikitərəfli məsələlərin bütün tərəfləri üzrə ətraflı danışıqlar aparmağa köklənmişəm.

Təbii ki, danışıqların daha məzmunlu hissəsini xarici siyasət təşkil edəcək. Rusiya və Azərbaycanın həm qonşu dövlət, həm də fəal regional oyunçu kimi müzakirə etməli çox mövzuları var. Onların arasında əlbəttə ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi üzrə çoxtərəfli mexanizm və Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələləri də daxil olmaqla Xəzərə dair işlər var. Fikrimizcə, bu məsələlərdə daha sürətlə irəliləmək mümkündür.

Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın qurulması üzrə bir sıra ölkələrin təşəbbüslərini müzakirə etmək niyyətindəyik.

Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ətraflı fikir mübadiləsi aparılacaq. Azərbaycanlı tərəfdaşlarımızdan bu kök salmış münaqişənin həlli məsələsində dost Azərbaycan və Ermənistana yardım üzrə ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində Rusiyanın gələcək addımları ilə bağlı istəkləri eşitməyimizə çox şad olardıq.

Və nəhayət, beynəlxalq gündəlik. Bizim BMT və digər beynəlxalq strukturlardakı xarici siyasət idarələrimizin fəaliyyətinin əlaqələndirilməsinin dərinləşdirilməsi üçün əlavə olaraq nəyi etməyin mümkün olduğunu nəzərdən keçirəcəyik.

- Sizin fikrinizcə, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla müxtəlif regional siyasi məsələlər üzrə ölkələrimizin mövqeyi nə dərəcədə yaxındır? Prezidentlər tərəfindən imzalanan Moskva Bəyannaməsi bu ərazi münaqişəsinin nizamlanmasına nə dərəcədə yardım göstərə bilər?

 

- Qafqazdakı vəziyyətə, Qafqazın sülh və əminamalıq regionuna çevrilməsinədair Rusiya və Azərbaycanın baxışlarının ümumiliyi artıq qeyd etdiyim 2008-ci il 3 iyul tarixli Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsində qeyd olunub. Hər iki ölkə, aralarında hərtərəfli əməkdaşlq, bu regionda yerləşən dövlətlərin stabil inkişafı yolunda mövcud olan maneələrdən narahatlıq hiss edir.

Bu, hər şeydən əvvəl, Dağlıq Qarabağ ətrafındakı münaqişə ilə bağlıdır. Rusiyanın, o cümlədən Prezident Medvedyevin onun nizamlanması üzrə mövqeyi dəfələrlə səsləndirilib.

Təkrar edirəm ki, biz münaqişə iştirakçılarının xaricdən hər hansı bir istiqamətə yönəldilməsinə qarşı çıxış edirik.

Biz bu problemin nizamlanması məsələsində əsas məsuliyyətin azərbaycanlılar və ermənilərin üzərinə düşməsi mövqeyindən çıxış edirik. Rusiya münaqişəyə cəlb edilən bütün tərəfləri qane edəcək kompromis razılaşmanı dəstəkləməyə hazırdır, razılaşma əldə olunacağı təqdirdə isə nizamlanmanın zamini qismində çıxış edəcək. Fikrimizcə, problemin Cənubi Qafqazda stabillik və əmin-amanlığın bərpa olunmasına imkan yaradacaq həlli həyata vəsiqə qazanacaq, münaqişədən sonrakı dövr isə regionda tarixən formalaşan geosiyasi qüvvələr balansının saxlanılmasına imkan yaradacaq, onun beynəlxalq siyasi və hərbi rəqabət arenasına çevrilməsinə gətirib çıxarmayacaq.

İndi isə ötən ilin noyabr ayının 2-də prezidentlər Medvedyev, İlham Əliyev və Sarkisyan arasında imzalanan Bəyannamənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nə dərəcədə təsir göstərə biləcəyi barədə. Mən artıq deməliyəm ki, bu sənəd hər şeydən əvvəl Azərbaycan və Ermənistan liderlərinin niyyətlərini təsdiq etmələri və siyasi nizamlanma üzrə razılaşmanın başa çatdırılması məqsədi ilə yüksək səviyyəli ikitərəfli görüşlərin davam etdirilməsinə hazır olmaları baxımından mühüm əhəmiyyət kəsb edir.

2008-ci il 2 noyabr tarixli üçtərəfli görüşün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının həmin ilin dekabrında keçirilən iclasında güclü dəstək qazanması təsadüf deyil, bununla yanaşı, ATƏT-in Minsk Qrupunun üç həmsədri - Rusiya, ABŞ və Fransa bu iclasda Azərbaycan və Ermənisitanın xarici işlər nazirlərinə Moskva Bəyannaməsinin müddəalarının inkişafında tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə əlavə təkliflər veriblər.

Moskva Bəyannaməsinin imzalanması tarixindən təxminən üç ay sonra Sürixdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutması faktı sənədin nizamlanma prosesinin xeyrinə işlədiyini göstərir.

- Azərbaycan parlamentində KTMT çərçivəsində yaradılan birgə silahlı qüvvələrin Azərbaycana qarşı yönələ biləcəyi ilə bağlı narahatlıqlar var. Bu qüvvələrin əsas təyinatı nədən ibarətdir?

- Belə başa düşürəm ki, bu sualın verilməsi Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının cari ilin fevralın 4-də keçirilən növbədənkənar sessiyasında KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) yaradılması barədə qəbul etdiyi qərar ilə bağlıdır. Dərhal qeyd edim ki, bu mövzu ilə bağlı hər hansı bir narahatlıq əsassızdır.

Yaradılan qüvvəllər, misal üçün NATO-nun təcili reaksiya qüvvələrindən fərqli olaraq, öz fəaliyyətini yalnız KTMT-yə daxil olan dövlətlərin ərazilərində həyata keçirəcək. Onların tətbiqi barədə qərar yekdilliklə təşkilata üzv ölkələrin prezidentləri tərəfindən qəbul olunur.

KTMT KORQ-un fəaliyyətinə hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terror və ekstremizmin zorakı təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotrafik ilə mübarizə üzrə xüsusi əməliyyatların aparlıması, həmçinin təbii və texnogen mahiyyətli fövqəladə halların nəticələrinin aradan qaldırılması daxildir. Məhz bu vəzifələrin yerinə yetirilməsi məqsədi ilə kollektiv qüvvələrin tərkibinə silahlı qüvvələrin xətti ilə mobil qoşun bölmələri, Daxili İşlər və Təhlükəsizlik, həmçinin Fövqəladə Hallar Nazirliklərinin xüsusi təyinatlı bölmələri daxil ediləcək. .

- Rusiya tərəfinin informasiyada göstərilən nomenklatura üzrə 2008-ci ildə Ermənistana silah-sursatın tədarük olunmadığını bildirən cavab notasına baxmayaraq, Azərbaycan tərəfi kifayət qədər yüksək səviyyədə bu məsələni qaldırmağı davam etdirir. Xüsusilə, Azərbaycanın Xarici İşlər Nazirliyi məsələnin onun üçün açıq qaldığını bəyan edir, parlamentdə isə hələ də bununla bağlı kəskin bəyanatlar səsləndirilir. Bu amil ikitərəfli münasibətlərə necə təsir göstərə bilər və bu, Rusiya tərəfini təkrarən bu informasiyanı daha detallı araşdırmağa təhrik edə bilərmi?

- Biz bu suala artıq dəfələrlə cavab vermişik - Rusiya 2009-cu il yanvarın 8-də Azərbaycanın elektron KİV-də bəyan olunduğu kimi, Gümrüdəki 102 salı hərbi bazasından Ermənistana silah və hərbi texnika verməyib.

Təəssüf ki, bu nəşrlər Azərbaycanda öz ünvanlarını tapan təxribat mahiyyətli informasiyalardan başqa bir şey deyil. Düşünmürəm ki, hər-hansı bir əlavə araşdırmaya ehtiyac var, çünki Rusiyanın diplomatik kanallar vasitəsi ilə elan etdiyi bütün bəyanatlar faktlara əsaslanır və Rusiya hərbi rəhbərliyində bu mövzu ilə bağlı heç bir şübhə qalmayıb.

Bakı ilə Yerevan arasındakı münasibətlərdə mürəkkkəb vəziyyəti nəzərə alaraq, Azərbaycan tərəfinin bu mövzuya diqqətlə yanaşması bizə aydındır. Eyni zamanda əminik ki, Rusiya və Azərbaycan bu saxta məlumatların strateji tərəfdaşlığın genişləndirilməsinə mane olmayacaq dərəcədə qarşılıqlı etibara malikdir.

- Dünya iqtisadi böhranın mənfi nəticələri ilə mübarizə istiqamətində MDB-yə üzv ölkələrin səylərinin birləşdirilməsi üçün hansı addımlar atılır?

- MDB hökumət rəhbərləri Şurasının 2008-ci il 21 oktyabr tarixli qərarı ilə Moskvada Birliyə üzv ölkələrin maliyyə nazirlərinin müşavirəsi keçirilib. İclasda bu məsələ üzrə fikir mübadiləsi aparılıb. Antiböhran problematikası ötən il noyabrın 14-də MDB hökumət rəhbərləri Şurasının Kişinyovda keçirilən iclasında da diqqət mərkəzində olub. Burada Birlik ölkələri iqtisadiyyatlarının yüksək qarşılıqlı inteqrasiyasının, üzv ölkələrdən böhranın mənfi nəticələrinin minimuma endirilməsi istiqamətində görüləcək tədbirlərin əlaqələndirilməsinin tələb olunması təsdiq edilib. Bununla belə, MDB-nin əksər ölkələri, misal üçün, xarici maliyyələşdirmə mənbələrinə çıxışın məhdudlaşması kimi eyni problemlərlə qarşılaşırlar. Bu istiqamətdə iş MDB-nin İqtisadi Şurasının 2008-ci il 12 dekabr tarixində keçirilən iclasında davam etdirilib.

Antiböhran istiqamətli tədbirlər təsdiq üçün MDB hökumət rəhbərləri Şurasının mayın 22-də Astanada keçiriləcək iclasına təqdim edilməsi planlaşdırılan 2020-ci ilədək olan dövrdə MDB-nin İqtisadi İnkişaf Strategiyasının 2009-2011-ci illərdə həyata keçirilməsini nəzərdə tutan və hazırda hazırlanan birinci mərhələsinin reallaşdırılması üzrə Tədbirlər Planına daxil edilir. 

Daha "qabaqcıl" antiböhran tədbirləri Azərbaycanın daxil olmadığı Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilir. Bu mövzu Avrasiya İqtisadi Birliyinin Dövlətlərarası Şurasının son iclaslarında - ötən il oktyabrın 10-da Bişkekdə və dekabrın 12-də Moskvada hökumət başçıları səviyyəsində keçirilən iclaslarda əsas mövzulardan biri olub.

Bu gün analoji istiqamətdə konkret birgə fəaliyyətlərə keçid barədə danışmaq olar. Rusiyanın maliyyə naziri A.L.Kudrinin sədrliyi altında Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin iqtisadi-maliyyə siyasəti Şurası tərəfindən dünya maliyyə və iqtisadi böhranın nəticələrinin aradan qaldırılması üzrə kompleks birgə tədbirlər planı hazırlanıb. O, Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının dekabr iclasında təsdiq edilib. Hazırda bu tədbirlərin əməli reallaşdırılması planının hazırlanması başa çatmaq üzrədir.

Avrasiya İqtisadi Birliyinin fevralın 4-də Moskvada keçirilən növbədənkənar sammitində Antiböhran Fond Cəmiyyətinin təsis edilməsi barədə mühüm qərar qəbul olunub. Büdcəsi 10 mlrd. ABŞ dolları olan bu Fondun vəsaitləri iştirakçı dövlətlərə suveren borclar və sabitləşdirmə mahiyyətli kreditlərin verilməsi, həmçinin hökumətlərarası layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

- Həcmi ilk dəfə olaraq 2 mlrd. dolları ötən ikitərəfli ticari-iqtisadi əməkdaşlığın bu və ya digər mövqeyi dünya iqtisadi-maliyyə böhranı kontekstində hansısa düzəlişlərə məruz qalmayacaq ki?

 

- Həqiqətən, ötən il ölkələrimiz arasında mal dövriyyəsi 2,4 mlrd. ABŞ dollarını ötüb. Ümumilikdə, son üç il ərzində onun həcmi iki dəfə artıb. Bu iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yaxşı əsasının olmasına sübutdur və qarşılıqlı ticarətin xammal mahiyyətindən tədricən çıxmağa imkan yaradır.

Yaranan ikitərəfli mal dövriyyəsi strukturu birgə səylərlə qlobal iqtisadi böhranın mənfi nəticələrini də minimuma endirməyə imkan yaradır. Bunun üçün artıq bu gün qarşılıqlı ticarət strukturunda keyfiyyətli dəyişikliklərin möhkəmləndirilməsi, yüksək əlavə dəyərə malik malların, xüsusilə də maşınqayırma məhsullarının payının artrılması üzrə tədbirlərin görülməsi zəruridir. Bundan əlavə, Azərbaycan ilə hazırda hazırlanan birgə iri enerji layihələrinin reallaşdırılmasını nəzərdə tuturuq.

Bu, sözsüz ki, bütün maraqlı təşkilatlar və təsərrüfat subyektlərindən iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fəal tədbirlər tələb edir. Bizim ekspertlərimiz Rusiyanın Azərbaycana mal ixracında iri tədarükçü olaraq qalacağına əmindirlər. Rusiyalı sahibkarlar bundan sonra da respublikada öz bizneslərini inkişaf etdirməyə hazır olduqlarını bildirirlər. Bu il Rusiya ilə Azərbaycan arasındakı mal dövriyyəsinin 2008-ci ildə qeydə alınan səviyyədə qorunub saxlanacağı proqnozlaşdırılır. Əlavə edim ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi çərçivəsində həyata keçirilən antiböhran tədbirlərə qoşulması istiqamətində maneə yoxdur.

- Hazırda Azərbaycanın iştirakı nəzərdə tutulan "Nabukko" layihəsinin reallaşdırılmasına dair fəal danışıqlar aparılır. Azərbaycanın bu layihədə iştirakı Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilərmi?

- Azərbaycanın beynəlxalq enerji layihələrində iştirak barədə qərarı onun suveren hüququdur və biz bu qərarlara hörmətlə yanaşırıq. Bu həm də "Nabukko" qaz kəmərinə də aiddir.

Neft və qaz nəqli üçün marşrut seçimi zamanı əsas kriteriyalar onun iqtisadi cəhətdən səmərəliliyi, etibarlılığı və ekoloji baxımdan təhlükəsizliyindən ibarət olmalıdır. Biz bu prosesin həddindən artıq siyasiləşdirilməsinin əleyhinəyik.

Rusiya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində enerji daşıyıcılarının tədarük yollarının şaxələndirilməsi zərurəti mövzusunda ümumi anlayışları bölüşür. Biz bu məqsədlə qitənin müxtəlif regionlarında alternativ qaz kəmərlərinin tikintisi layihələrini reallaşdırırıq. Söhbət ilk növbədə "Şimal Axını" və "Cənub Axını"ndan gedir. Məlum olduğu kimi, "Mavi axın" qaz kəməri istifadəyə verilib.

Biz enerji sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi mövqeyindən çıxış edirik .

- Bizim gənclərimiz bir-birini yaxşı başa düşməyə başlasalar və daha yaxın olsalar, o zaman bununla son 15-18 il ərzində yaranan bir çox Rusiya-Azərbaycan problemlərini həll etmək mümkün olacaq. Sizin fikrinizcə gənc insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsində Rusi dili və mədəniyyəti hansı rolu oynaya bilər?

- Dövlətin rifahı və çiçəklənməsi əsasən aparlan gənclər siyasətinin səmərəliliyindən asılıdır. Axı məhz gənclər fəal həyati mövqeləri, bütün yeniliklərə həssalıqları, qabiliyyətləri, xaricdən olan həmyaşıdları ilə asanlıqla ümumi dil tapmağa malik olmaları ilə fərqlənirlər.

Bunun üçün 2009-cu ilin ümumilikdə Müstəqil Dövlətlər Birliyində və ayrıca Rusiyda "Gənclər ili" elan olunması təsadüfi deyil. Bu il çərçivəsində güman edirəm ki, azərbaycanlı gənclərin də fəal iştirak edəcəkləri müxtəlif tədbirlər keçiriləcək. Qeyd etmək istərdim ki, onlar ilk növbədə mədəniyyətlərarası dialoqun təşviqi, gənclər sahəsində tolerantlığın, mənəvi-əxlaqi dəyərlərin təsdiqinə yönəldilib.

Həm sizin, həm də bizim gənclərin bir çox təmas nöqtələri var. Əminik ki, gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq proqramının fəal irəliləməsinə, gənclərin birgə ictimai fəallığı üçün daha geniş imkanların yaradılmasına zərurət var. Görünür, müvafiq hökumətlərarası sazişlər şəklində olan hüquqi bazanı bu layihələrə uyğunlaşdırmaq lazımdır.

Birlik məkanında rus dili insanlar arasında əsas ünsiyyət aləti olaraq qalmaqdadır və müvafiq olaraq xalqlarımızın mənəvi-əxlaqi birliyini möhkəmləndirən mühüm ünsürlərdən biridir. Bu gün Azərbaycanda etnik rusların əhalinin ümumi sayının təqribən iki faizini təşkil etməsinə baxmayaraq, rus dili respublikada faktiki olaraq ikinci dil mövqeyini saxlayır. Onlarla məktəb və ali təhsil müəssisələrində tədris prosesi rus dilində aparılır. Biz rusdilli informasiya, maarif və mədəni məkanın saxlanılması üzrə səylərə görə Azərbaycan rəhbərliyinə minnətdarıq.

Azərbaycan gənclərində rus dilinə meyl hiss edirik. Bu istiqamətdə öz vəzifəmizi hər vasitə ilə dəstək göstərməkdə görürük. Tərəfimizdən həyata keçirilən layihələr arasında - rus dili üzrə müsabiqə və olimpiadaların keçirilməsi, Rusiyanın tədris sisteminin təqdimatı, kitab sərgiləri və ədəbi gecələrin təşkili kimi tədbirlər var.

İki ölkə gəncləri arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsində mədəni əlaqələrin inkişaf etdirilməsi mühüm rol oynayır. Gənclərə ünvanlanan bir sıra aksiyaların keçirilməsi planlaşdırılıb: "Alov ruhu" Beynəlxalq kinomatoqrafiya debüt festivalının keçirilməsi, tətbiqi incəsənət və xalq yaradıcılığı sərgilərinin təşkili, "Delfin oyunları" incəsənət festivalı, həmçinin "Gənclər diplomatiyası" layihəsi çərçivəsində tədbirlərin həyata keçirilməsi.

- Rusiya-Azərbaycan humanitar əməkdaşlığının gələcək inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

- Tamamilə müsbət. Həm ikitərəfli - təhsil, mədəniyyət, elm, səhiyyə, idman, turizm, sosial və hüquqi müdafiə, informasiya sahələrində, həm də Müstəqil Dövlətlər Birliyinin çoxtərəfli strukturları - Hökumətlərarası Humanitar Əməkdalıq Fondu və Humanitar Əməkdaşlıq Şurası çərçivəsində ölkələrmiz arasında hümanitar əməkdaşlığın genişləndirilməsi üçün böyük ehtiyatlar mövcuddur.

2005-2006-cı illərdə Rusiya və Azərbaycan "milli illərinin" keçirilməsi zamanı ölkələrimizdə Rusiya və Azərbaycan cəmiyyətlərinin ən müxtəlif sahələrinə həsr olunan birgə tədbirlərin həyata keçirilməsi istiqamətində zəngin təcrübə yaranıb. Ümid edirik ki, bu xoş ənənələr gələcəkdə də inkişaf edəcək.

Dövlətlərarası xətlər üzrə əlaqələrimizin uyğunlaşdırılması 2007-2009-cu illərdə humanitar sahədə Rusiya-Azərbaycan Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.

Biz əməkdaşlığın perspektivli istiqamətlərinə ilk öncə, təhsil və elm sahələrini aid edirik. Bu yaxınlarda Bakıda açılan M.V.Lomonosov adına MDU filialı, Bakı Slavyan Universiteti, Rusiya və Azərbaycanın digər təhsil müəssisələri innovasiya sahəsində, xüsusilə də nanotexnologiyalar üzrə tədqiqatlar sahəsində birgə layihələrin həyata keçirilməsi üçün tamamilə meydança ola bilər. Bunun üçün yaxşı səbəb var - 2010-cu il Birlik ölkələrində elm və innovasiya ili elan olunub.

Xalqlarımız arasında qarşılıqlı anlaşma və etibarın dərinləşməsi dinlərarası sahədə də qarşılıqlı fəaliyyətə yardım göstərməyə yönəldilib. Rusiya Provaslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında faydalı əməkdaşlığın davam etdirilməsini nəzərdə tuturuq.

Biz humanitar əlaqələrin müqavilə-hüquq bazasının ardıcıl genişləndirilməsində maraqlıyıq. O cümlədən miqrasiya problemləri, ali təhsil müəssisələrinin filiallarının yaradılması və fəaliyyət göstərməsi, gənclər siyasəti, həmçinin turizm sahələrində əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlərin imzalanması gündəlikdədir.

Xəbər lenti

Xəbər lenti