...

Azərbaycanın xarici işlər naziri ziyalıların Dağlıq Qarabağa səfərini zəruri hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2009 15:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri ziyalıların Dağlıq Qarabağa səfərini zəruri hesab edir

Azərbaycan, Gəncə, 06 iyul / Trend , müxbir V.Məmmədov /

Azərbaycanın xarici işlər naziri ziyalıların Dağlıq Qarabağa səfərini zəruri hesab edir.

"Dağlıq Qarabağ Azərbaycan torpağıdır, burada yaşayan erməni icmasının nümayəndələri isə Azərbaycan vətəndaşlarıdır. Biz onlarla görüşlərdə sübut etməliyik ki, Azərbaycan öz torpaqlarını geri alsa, onlar üçün daha yaxşı olar. Digər baxımdan azərbaycanlılar münaqişə həll olunandan sonra öz torpaqlarına, o cümlədən Şuşaya qayıdıb yaşamalıdırlar. Düşünürəm ki, bu təşəbbüslər vacibdir və davam etdirilməlidir", - bazar ertəsi Gəncədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Trend -un arayışı: Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdkonun, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Bako Saakyanın görüşü keçirilib.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Azərbaycan nümayəndə heyəti daha sonra Ermənistana gedib və orada Prezident Serj Sarkisyanla da görüşüb.

Günün sonunda Azərbaycan və Ermənistan nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

Nazir deyib ki, ziyalıların növbəti qarşılıqlı səfərləri barədə danışmaq hələ tezdir.

"Hələ bu barədə danışmaq tezdir. Səfərin nəticələri təhlil ediləndən sonra növbəti səfər barəsində qərar verə bilərik. Jurnalistlərin qarşılıqlı səfərləri də vacibdir və buna ciddi hazırlıq görülməlidir", - Məmmədyarov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti