Sürix protokollarının iflasa uğramasının təməli Ermənistanın öz hərəkətləri ilə qoyulub - deputat Aydın Mirzəzadə (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2010 17:03 (UTC +04:00)

RED. əlav.: təfərrüatları əlavə olunub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Hüseynbala/

Sürix protokollarının indiki mərhələdə iflasa uğramasının təməli Ermənistanın öz hərəkətləri ilə qoyulub. Bunu cümə axşamı Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Biz əvvəlcədən deyirdik ki, bölgədə planlaşdırılan yeni geosiyasi dəyişikliklər regionda gərginliyi daha da artıracaq və Ermənistan Prezidenti Serj Sarkisyanın dünənki bəyanatı bizim fikirlərimizi təsdiqlədi", - Mirzəzadə deyib.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd DavudoğluEdvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Aprelin 23-də Ermənistan Prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

"Ermənistan daha çox çalışacaq ki, beynəlxalq dairələrdən müəyyən maliyyə yardımları alsın və bunu Türkiyə ilə sərhədlərin bağlanması ucbatından üzləşdiyi ciddi iqtisadi problemlərlə əsaslandıracaq", - Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan Prezidentinin ABŞ-da keçirilən nüvə təhlükəsizliyi sammitindən dərhal sonra Rusiyaya səfər etməsi onu göstərir ki, həm Vaşinqtondakı, həm də Moskvadakı müzakirələrdə məqsəd Yerevanın gələcək fəaliyyət planının hazırlanması olub.

"Həmin görüşdən dərhal sonra protokolların parlamentdən geri çağırılması və qeyri-müəyyən müddətə qədər müzakirəsinin təxirə salınması taktiki bir addımdır. Bu, bir sıra maraqlara hesablanmış bir hiylədir. Bir tərəfdən, guya bu vasitə ilə Ermənistan Türkiyəyə Qərbin təzyiqlərini əldə etmək üçün çalışacaq, ikinci tərəfdən, Birləşmiş Ştatlara da işarədir ki, bu bölgənin əsas söz sahibi Rusiyadır", - millət vəkili deyib.

Mirzəzadənin sözlərinə görə, Azərbaycan protokollar məsələsində Türkiyənin müstəqil hərəkətinə hər zaman hörmətlə yanaşıb. Türkiyənin protokollarla bağlı mövqeyi onun maraqlarına cavab verib və beynəlxalq hüquq normalarına uyğun olub.

Deputat deyib ki, Ermənistanın fəaliyyəti və siyasəti protokolların dondurulması və regionda qeyri-stabilliyin güclənməsi üçün şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti