...

Məcburi köçkünlər problemi regionda həyata keçirilən proseslərə əngəl törədir – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2010 11:17 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, məcburi köçkünlər problemi regionda gedən proseslər üçün ciddi maneədir.
Məcburi köçkünlər problemi regionda həyata keçirilən proseslərə əngəl törədir – Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, məcburi köçkünlər problemi regionda gedən proseslər üçün ciddi maneədir. Bu barədə çərşənbə axşamı Trend-ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov Aİ-nin xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşünü şərh edərkən bildirib.

"Semnebinin sözlərinə görə, münaqişənin həlli üzrə sülh sazişi imzalanarkən, iki aspekt nəzərə alınmalıdır: Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmaları", - Səfərov deyib.

Görüş zamanı Aİ-nin xüsusi nümayəndəsi bir vaxtlar tərəflər arasında mövcud əlaqələrin bərpasının münaqişənin həllinə kömək edəcəyinə inandığını bildirib.

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan Ermənistanla iqtisadi əməkdaşlığın bərpasından söhbət belə gedə bilməz", - görüşdə Səfərov bildirib. - "Məcburi köçkünlər səbirsizliklə öz doğma torpaqlarına qayıdacaqlarını gözləyir və Dağlıq Qarabağda Azərbaycanın qanunları ilə yaşayacaq ermənilərlə dinc yanaşı yaşamağa razıdırlar".

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 6-dan Azərbaycanda səfərdədir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti