...

Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan danışıqları üçün əlavə çərçivələr təqdim edə bilərlər - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan danışıqları üçün əlavə çərçivələr təqdim edə və güc tətbiq edilməməsi, ərazi bütövlüyünə hörmət, münaqişə zonalarında yaşayan əhalinin vətəndaş hüquqlarına riayət olunması və Dağlıq Qarabağa muxtariyyət hüququnun verilməsində beynəlxalq hüquq normalarına ciddi əməl olunmasını tələb etməklə uğura nail ola bilərlər. Bu barədə professor, İnsburq (Avstriya) Universitetinin siyasi fəlsəfə şöbəsinin rəhbəri Hans Köhler bildirib.

"Hələlik beynəlxaql təşkilatlar, o cümlədən ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olmayıblar. Ola bilsin ki, bu prosesdə başqa təşkilatlar daha uğurlu ola bilərlər", - Köhler cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Regional kontekstdə qlobal çağırışlar" mövzusunda "dəyirmi masa" formatında keçirilən iclasda bəyan edib.

Onun fikrincə, tərəflər uzunmüddətli sülhün bərpa olunması üçün beynəlxalq təşkilatların müşahidəsi altında yerinə yetiriləcək sazişi özləri işləyib hazırlamalıdırlar.

Köhlerin fikrincə, ATƏT və BMT kimi təşkilatlar sazişin yekun variantının müzakirə olunması məqsədilə münaqişə tərəflərinə danışıqlar və görüşlər üçün yeni meydanların verilməsində mühüm rol oynayırlar.

"Danışıqlar prosesi Cənubi Qafqaz ölkələri arasında iqtisadi və siyasi sahələrdə mərhələli əməkdaşlığı asanlaşdıra və bununla da Azərbaycan ilə Ermənistan arasında dialoqun yaxşılaşdırılmasına kömək edə bilərdi", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti