...

Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun həmsədri və MDB üzrə tərəfdaşı kimi əlindən gələni edəcək - Sergey Lebedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2010 13:34 (UTC +04:00)
MDB və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və bu istiqamətdə səylər göstərirlər. MDB-nin icraçı katibi Sergey Lebedev belə hesab edir.
Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun həmsədri və MDB üzrə tərəfdaşı kimi əlindən gələni edəcək  - Sergey Lebedev

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir M.Əliyev/ MDB və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və bu istiqamətdə səylər göstərirlər. MDB-nin icraçı katibi Sergey Lebedev belə hesab edir.

"MDB və Rusiya Qarabağ münaqişəsinin həllində maraqlıdır və biz bu iki ölkənin yaxınlaşması işində addım-addım gedirik" - Bakıda jurnalistlərə Lebedev bildirib.

"Bu yaxınlarda Həştərxanda Rusiya Prezidentinin vasitəçiliyi ilə  Azərbaycan və Ermənistan prezidentləri hərbi qulluqçuların mübadiləsi barədə razılığa gəliblər və bu, praktiki olaraq mövqelərin yaxınlaşdırılmasında ilk addım olub. Bunlar kiçik addımlardır, lakin biz onların ardınca digər addımların atılması üçün əlimizdən gələni edirik, biz işğal olunmuş ərazilərin qaytarılması məsələsini, Azərbaycan və Naxçıvan, Qarabağ və Ermənistan arasında dəhlizin yaradılmasını müzakirə edirik", - o qeyd edib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər.

Şənbə günü Ermənistan Azərbaycanın hərbi qulluqçuları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini təhvil verib.

Azərbaycan erməni tərəfinə intihar edən hərbçi Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi girovluqdan azad edib.

Lebedevin sözlərinə görə, Ermənistan və Azərbaycan Rusiya üçün qardaş xalqlardır.

Onun sözlərinə görə, bu ölkələrin yaxınlaşdırılması üçün mümkün olan nə varsa hər şey edilir, çünki nə Ermənistan, nə də Azərbaycan heç bir yerə köçməyəcək.

"Münaqişə hər iki dövlətə yaşamaqda mane olur. Onlar bir-birinin yanında, birlikdə yaşamağa məhkumdurlar. Buna görə Rusiya onları yaxınlaşdırmaq üçün həm ATƏT-in Minsk qrupunun həmsədri, həm bu ölkələrin MDB üzrə tərəfdaşı, həm də qonşu ölkə kimi əlindən gələni edəcək", - Lebedev bilıdirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti