Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir T.Hacıyev/
Şuşa şəhər 1 saylı orta məktəbin 180 illik yubileyi münasibətilə Bakıda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın təhsil naziri Misir Mərdanov tədbirin ölkə Prezidentinin Şuşa şəhər 1 saylı orta məktəbin 180 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam əsasında təşkil olunduğunu və bunun böyük tarixi əhəmiyyət daşıdığını deyib.
Nazir Prezident İlham Əliyevin məktəb kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.
Mərdanov dövlət başçısının məktəbin iki müəlliminə "Tərəqqi" medalı, bir müəlliminə isə "Əməkdar müəllim" adı verilməsi ilə bağlı sərəncamlarını elan edib.
Nazir çıxışında yaxın vaxtlarda məktəb üçün yeni binanın tikiləcəyini deyib. O, qeyd edib ki, Şuşa işğaldan azad olunandan sonra həmin bina Bakının məktəblərindən birinin sərəncamına veriləcək.
Sonda nazir Təhsil Nazirliyinin qərarı ilə təltif olunan müəllimlərin adlarını açıqlayıb.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında bildirib ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, elm-təhsil mərkəzi də olub. O, məktəbin 180 illik yubileyinin Şuşada keçirilməməsindən təəssüfləndiyini bildirib.
Tədbirdən öncə məktəbin inkişafı, tarixi barədə sənədli film nümayiş olunub.
Tədbir musiqili proqramla davam edib.
Şuşa şəhəri hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.