...

Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir - Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB-3)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2011 12:18 (UTC +04:00)
Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir - Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB-3)

Altıncı abzasdan sonra Əli Həsənovun fikirləri və bəkqraund əlavə olunub (ilk xəbər 11:07-də yayılıb)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir S.Ağayeva/

Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur", - Həsənov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.

"Bütövlükdə beynəlxalq hüququn normalarının bərqərar olunması istiqamətində ortada ciddi beynəlxalq iradə yoxdur. Buna görə mən tədbirdə tənqidi çıxış elədim və burda təmsil olunan həm beynəlxalq təşkilatların nümayəndələrini, həm də onların təmsil etdikləri ölkələri bu məsələdə Ermənistana təzyiq göstərməyə, Azərbaycanın haqq səsini reallaşdırmağa, öz ev-eşiyindən didərgin düşmüş bir milyondan çox qaçqınların öz evlərinə qayıtmasına yardım göstərməyə çağırdım", - PA rəsmisi jurnalistlərə açıqlamasında deyib.

Çərşənbə günü Avropa Komissiyasının Bakıda "Strukturlaşmış dialoq" adlı regional seminarı işə başlayıb. Seminarda PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.

3 gün davam edən seminarda Ermənistandan gələn nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Avropanın 17 ölkəsinin nüfuzlu strukturları təmsil edən rəsmi və qeyri-rəsmi şəxslərdən ibarət nümayəndə heyəti, o cümlədən QHT-ləri təmsil edən 130 nümayəndə iştirak edir. Tədbirdə dünyada müxtəlif strukturlar arasında dialoqun mövcud vəziyyəti, problemləri və perspektivləri müzakirə olunur.

Həsənov deyib ki, seminarda son dövrlərdə müstəqil, hüquqi dövlət quruculuğu prosesində QHT və dövlət qurumları arasında münasibətlər sahəsində Azərbaycanın əldə etdiyi uğurlar xüsusi qeyd olunub.

"Eyni zamanda, tədbirdə bütövlükdə insan hüquqlarının təminatı, regionda və dünyada ayrı-ayrı kateqoriyadan olan insanların həyat şəraitinin təmin olunması və digər məsələlərə də toxunulub. Azərbaycanda 20 ildən artıqdır ki, 1 milyondan çox qaçqın və köçkün problemləri yaşanır və bu problemin həllində beynəlxalq təşkilatların səyləri yetərli deyil. İnsan hüquqları müxtəlif şəkildə pozulub və bu, aradan qaldırılmalıdır. Beynəlxalq təşkilatlar bu sahədə öz səylərini Azərbaycandan əsirgəməməlidir", - PA-nın şöbə müdiri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti