Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:03-də yayılıb)
Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu işğal olunmuş Laçın rayonunda bu yaxınlarda ermənilər tərəfindən tapılan qədim abidənin Azərbaycana məxsus olduğunu sübut etmək üçün iddia qaldıracaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib.
Onun sözlərinə görə, AMEA bununla bağlı digər səlahiyyətli qurumlar qarşısında məsələ qaldıra bilər.
"Sözsüz ki, işğal olunmuş ərazilərdəki bütün abidələr Azərbaycan xalqına məxsusdur. Laçında tapılan abidə də Azərbaycan xalqına aiddir" , - Rəhimova deyib.
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan ərazisində 40-dək ekspedisiya aparılacaq.
"İlk növbədə, Qarabağ zonasında ekspedisiyalar aparılmağa üstünlük verəcəyik, çünki Qarabağın çox hissəsi işğal altındadır. Ermənilər oradakı abidələrimizi dağıdırlar, yeni abidə tapdıqda isə özlərinə məxsus olduğunu iddia edirlər", - Rəhimova bildirib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunda eramızdan əvvəl IV-I əsrlərə aid xəzinə aşkar edilib.
Xəzinədə 700 qram gümüş bəzək əşyaları, 200 qram civarında qızıl sırğa, üzük, boyunbağı və beş kiloqram bürünc bəzəkləri olub.
Ermənistan Tarix Müzeyi xəzinənin ümümi dəyərini 21 336 dollar məbləğində qiymətləndirib.
Ermənilər ehtiyat edir ki, bu xəzinə Azərbaycanın işğal olunmuş rayonunda tapıldığına görə qarşı tərəf ona özünün huququnun çatdığını elan edə bilər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.