...

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ sakinlərinə və Dağlıq Qarabağa qayıdacaq insanlara ən geniş muxtariyyət verməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2011 20:37 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedevin şəxsi iştirakı tərəflərə razılığa gəlməyə imkan verir.
Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ sakinlərinə və Dağlıq Qarabağa qayıdacaq insanlara ən geniş muxtariyyət verməyə hazırdır

Rusiya Prezidenti Dmitri Medvedevin şəxsi iştirakı tərəflərə razılığa gəlməyə imkan verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi daha çox nikbin ruhda köklənib. "Əgər erməni tərəfi irəliyə doğru mühüm addım atmaq üçün konstruktiv yanaşma və siyasi iradə nümayiş etdirsə, münaqişə çox tezliklə həll oluna bilər", - dövlət başçısı bildirib.

"Danışıqlar prosesi vasitəçilərin hər iki tərəfə təklif etdikləri və beynəlxalq səviyyədə qəbul edilən prinsiplərə uyğun gələn baza prinsiplərinə əsaslanır. Bu, ölkənin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququdur. Bu prinsiplər bir-birinə zidd deyil, onların hər ikisi vacibdir və hər ikisi sülh müqaviləsində nəzərə alına bilər", - İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır.

"Bir çox illər ərzində bizim mövqeyimiz tamamilə aydındır və şəxsən mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz Dağlıq Qarabağ sakinlərinə və Dağlıq Qarabağa qayıdacaq insanlara yalnız dünyada mümkün ola bilən ən geniş muxtariyyətə zəmanət verə bilərik", - İlham Əliyev bəyan edib.

Jurnalistin sualına cavab verən Azərbaycan Prezidenti bildirib ki, muxtariyyətin forması tərəflərin növbəti danışıqlarının mövzusu ola bilər və qeyd edib ki, bu, geniş muxtariyyət ola bilər.

"Düşünürəm ki, Avropada mövcud olan muxtariyyətlərin müsbət nümunəsi bizə kömək edə bilər, çünki yeni nəsə fikirləşmək çətin olacaq. Bizim üçün isə Avropa ölkələrində yaxşı nümunələr var. Məsələn, İtaliya və Tirol, eləcə də mərkəzi hakimiyyətin böyük diqqət ayırdığı başqa yerlər. Muxtariyyətlərə və onların maliyyə dəstəyinə oradа yaşayan xalqların daha yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün daha çox diqqət ayrıla bilər. Biz də bunu edə bilərik. Azərbaycan böyük maliyyə imkanlarına malikdir və bizim üçün Dağlıq Qarabağ üzrə ciddi iqtisadi və sosial inkişaf proqramlarına başlamaq böyük problem deyil", - Prezident İlham Əliyev bildirib.

Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı problemə siyasi yanaşma haqqında suala cavab verən Azərbaycan Prezidenti bildirib ki, bir müddətədək Ermənistanda fikir hökm sürürdü ki, onlar status-kvonu nə qədər mümkündürsə, o qədər saxlaya biləcəklər və bu, onlarda alınacaq. "Lakin son aylarda hadisələrin inkişafı göstərdi ki, beynəlxalq birlik, Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya, Fransa və bu ölkələrin rəhbərləri status-kvonun yolverilməz olması barədə bəyanatlarla çıxış ediblər. Son ayların hadisələri belədir. Dünyada aydın başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb. Qətiyyən yox. Və atəşkəs çox "kövrəkdir". Atəşkəsin daim pozulması və ayırıcı xətlər hamıda - Azərbaycanda, Ermənistanda, dünya birliyində böyük narahatlıq doğurur", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, digər vacib məqam ondan ibarətdir ki, son illərdə Ermənistanla Azərbaycan arasında qüvvələr balansı qəti olaraq dəyişib. "Məsələn, bu gün Azərbaycanın dövlət büdcəsinin xərcləri Ermənistanın bütün büdcəsini on dəfə üstələyir. Təkcə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsindən çoxdur. Reallıq belədir. Və vaxt ötdükcə iki ölkə arasında bu fərq daha da böyüyəcək", - Prezident İlham Əliyev bildirib.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti