...

Bahar Muradova: Dünya ictimaiyyəti Ermənistanın azərbaycanlı uşaqları öldürməsinə hiddətini nümayiş etdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2011 14:10 (UTC +04:00)
Bütün dünya ictimaiyyəti Ermənistan tərəfindən müxtəlif yollarla azərbaycanlı uşaqların öldürülməsinə hiddətini bildirməlidir.
Bahar Muradova: Dünya ictimaiyyəti Ermənistanın azərbaycanlı uşaqları öldürməsinə hiddətini nümayiş etdirməlidir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Bütün dünya ictimaiyyəti Ermənistan tərəfindən müxtəlif yollarla azərbaycanlı uşaqların öldürülməsinə hiddətini bildirməlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

O qeyd edib ki, Ermənistan tərəfindən Tovuz çayına atılmış oyuncağın partlaması nəticəsində Tovuz rayonunda uşağın həlak olması ilə bağlı ATƏT rəsmilərinə rəsmi şəkildə müraciət edilib.

"Mən bu cür məsələlərə ATƏT tərəfindən rəsmi şəkildə münasibət bildirilməsini tələb etmişəm. Yeni məruzəçi Suareşə məktubla müraciət ünvanlayıb belə məsələlərə biganə qalmamağı xahiş etmişəm", - Muradova əlavə edib.

Muradova hesab edir ki, bu kimi hadisələrin baş verməsi bütün dünya ictimaiyyətinin qəzəb və hiddətinə səbəb olmalıdır.

"Bu məsələləri hər zaman gündəmdə saxlamaq lazımdır. Azərbaycan mətbuatı, xüsusilə, bu məsələni gündəmdə saxlamaq üçün bütün addımları atmalıdır. Ardıcıl olaraq ATƏT rəsmilərinə sorğular ünvanlanmalıdır. Bu tələb açıq şəkildə səslənməlidir. Bu, mütərəqqi bəşəriyyətin tələbidir, yaşamaq istəyən hər bir insanın tələbidir, öz millətinin nəslinin gələcəyini qorumaq istəyən xalqların, millətlərin tələbidir", - o vurğulayıb.

Vitse-spiker bildirib ki, bu hadisəni törədənlər mütləq cəzalarını almalıdırlar və alacaqlar.

"Təcavüzkara qarşı adekvat münasibət sərgilənməlidir. Əks təqdirdə, təcavüzkar cəzalanmadıqca, onlar bir-birinin ardınca daha artıq bu kimi hadisələr törədəcəklər", - Muradova qeyd edib.

İyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti