Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/
ATƏT-in Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" ilə bağlı Azərbaycanın mövqeyi səsləndiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
"ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağda qondarma "bələdiyyə seçkiləri" ilə bağlı Azərbaycanın mövqeyi də səsləndiriləcək və legitimləşdirilməyə doğru atılan bu tip addımlara dəstək verən dairələrin hərəkətləri qınanacaq", - Muradova deyib.
ATƏT-in Parlament Assambleyasının payız sessiyası çərçivəsində oktyabrın 8-də "Həll olunmamış münaqişələrdə ATƏT-in rolu - Dağlıq Qarabağ" mövzusunda müzakirələr aparılacaq.
Muradovanın sözlərinə görə, müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndələri iştirak edəcək, həmsədrlərin məruzələri dinləniləcək.
Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda bazar günü qondarma "bələdiyyə seçkiləri" keçirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.