...

Dağlıq Qarabağ münaqişəsinin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2011 11:16 (UTC +04:00)
Hamını "bizdən şərqdə xristian olmadığına" və guya "ermənilərin Yer üzündə ən qədim xristian milləti" olduğuna inandırmağa çalışan adamdan bu tip bəyanatlar eşitmək sevindirici və eyni zamanda təəccüblüdür.
Dağlıq Qarabağ münaqişəsinin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur - XİN

Azərbaycan, Bakı, 29 noyabr / Trend, müxbir S.Ağayeva/

Hamını "bizdən şərqdə xristian olmadığına" və guya "ermənilərin Yer üzündə ən qədim xristian milləti" olduğuna inandırmağa çalışan adamdan bu tip bəyanatlar eşitmək sevindirici və eyni zamanda təəccüblüdür. Bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin dini xarakter daşımadığına dair bəyanatını şərh edərkən çərşənbə axşamı Trend-ə bildirib.

Ermənistan KİV-in məlumatına görə, bazar ertəsi Ermənistan Prezidenti Serj Sarkisyan MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır və imkan vermək olmaz ki, iki ölkənin dinləri - xristianlıq və islam bir-birinə qarşı dayansın.

"Cənab Sarkisyanın təfəkküründə təkamül hiss olunur. Lakin onun bəyanatı olmadan da aydındır ki, Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır. Məlumdur ki, bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına əsaslanır", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib.

"Maraqlıdır ki, Sarkisyan konstruktiv və tolerant görünməyə çalışır, baxmayaraq ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində və azərbaycanlılara aid olmuş indiki Ermənistanın ərazisində müsəlman dini və mədəni abidələri məhv edilib", - Abdullayev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti