Azərbaycan, Bakı, 8 fevral /Trend müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/
Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Filipp Lefor Bakıya səfər zamanı Azərbaycan Prezidenti, xarici işlər, ədliyə, milli təhlükəsizlik nazirləri və digər rəsmi şəxslərlə görüşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib. Onun sözlərinə görə, keçirilən görüşlərin əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub.
"Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bir neçə ay əvvəl Azərbaycana səfəri zamanı təsdiq edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamaq istəyir", - Kobia xatırladıb.
Onun sözlərinə görə, Aİ Minsk qrupunun məqsədlərini dəstəkləyir, lakin eyni zamanda, tərəflərin xahişi ilə münaqişənin nizamlanmasını sürətləndirməyə kömək etmək üçün yeni ideyalar təklif etməyə hazırdır.
"Bu ideyalar hələ də Azərbaycan və Ermənistan hökumətləri ilə müzakirə edilir. Biz bu ideyaların konkret inkişafını görmək istərdik. İdeyalar iki ölkənin xalqları arasında əlaqələrin yüksəldilməsinə və münaqişə tərəfləri arasında etimad mühitinin yaradılmasına yönəldilib", - Kobia deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.