...

Parisdə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 18:23 (UTC +04:00)
Parisdə fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
Parisdə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Mehdiyev/

Parisdə fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFAJ) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında Fransanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, etiraz aksiyası paytaxtın Sen-Mişel (Saint Michel) meydanında başlayıb.

Aksiya çərçivəsində "Xocalı uşaqların gözü ilə" adı altında sərgi təşkil olunub. Kiçik yaşlı azərbaycanlı uşaqların rəsm əsərləri ilə bərabər, Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində nəşr olunmuş təbliğat materialları nümayiş etdirilib.

Üzərində "Xocalı soyqırımının 20 illiyi və Xocalıya ədalət" sözləri yazılmış maykalar geymiş tələbələr Xocalı faciəsindən bəhs edən vərəqlər paylayıblar. Vərəqlərdə 366-cı alayın köməyi ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən ermənilərin görünməmiş qırğınlar törətdiyi, günahsız dinc əhalini - uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirdiyi, hadisə zamanı 613 Xocalı sakininin, o cümlədən 106 qadının, 83 uşağın və 70 ahıl kişinin öldürüldüyü, İnsan Hüquqlarına dair Beynəlxalq Human Rights Watch təşkilatının bu faciəni dünyanın ən dəhşətli soyqırım adlandırması, bu gün Xocalı şəhərinin artıq mövcud olmadığı, ərazilərimizin 20 faizinin ermənilərin tərəfindən işğal edildiyi öz əksini tapıb.

Aksiyanın sonunda Xocalı soyqırımının dünya ictimaiyyəti, habelə fransızlar tərəfindən tanınması ilə bağlı toplanan imzalar bu yaxınlarda qondarma "erməni soyqırımı"nın inkarına görə insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunu qəbul edən Senata təqdim olunub.

Qeyd edək ki, Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFAJ) 2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti