Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/
ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə tərəflərinin vəziyyəti gərginləşdirən hərəkətlərdən və açıqlamalardan çəkinməsi barədə verdikləri bəyanat işğal olunmuş torpaqlarda hava limanını işə salmaq istəyən Ermənistana ünvanlanıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
"Ermənistanın bu addımı vəziyyəti gərginləşdirmək üçün edilən provokasiyalardandır", - Muradova deyib.
Vitse-spiker bildirib ki, sülh danışıqlarına sadiqlik hər iki tərəfdən səsləndirilir, lakin buna kimin nə dərəcədə əməl etdiyini proses özü göstərir.
"Minsk qrupunun həmsədrləri münaqişənin həll olunmasında maraqlı olduqlarını nümayiş etdirməklə yanaşı, bu prosesin müsbət nəticə ilə yekunlaşması üçün ciddi səylər göstərməli, Ermənistan tərəfinə qeyri-konstruktiv mövqedən çəkinməsi üçün təsir etməlidirlər", - Muradova deyib.