...

Məşhur amerikalı ekspert: ABŞ Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2013 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, Y.Kosolapova/

Dünyada Azərbaycanın əhəmiyyəti artır. ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Münasibətlər Mərkəzinin baş elmi əməkdaşı, Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının sabiq yüksək rütbəli məmuru Devid Merkel belə hesab edir.

"Azərbaycanla münasibətlər Vaşinqton üçün çox vacib məsələdir. Eyni ilə bunu Brüssel, Berlin və London haqqında da demək olar", - Merkel Trend-ə müsahibəsində deyib.

Ekspertin fikrincə, Azərbaycanla ABŞ arasında münasibətlər 2011-ci ildən bəri xeyli yaxşılaşıb.

"Bu münasibətlər bundan əvvəl bir neçə illə müqayisədə daha yaxşı olub", - Merkel bildirib.

Merkelin sözlərinə görə, Azərbaycan qoşunların Əfqanıstandan çıxarılması prosesində regionda ABŞ və NATO üçün ən etibarlı tərəfdaşdır.

"Bu çox şübhəli məsələdir. Görəsən, NATO 2014-cü ildən sonra Qırğızıstandakı "Manas" bazası vasitəsilə qoşunları və avadanlıqları Əfqanıstandan çıxara biləcəkmi? Yeri gəlmişkən, Azərbaycan həqiqətən də NATO ölkələrinin etibar edə biləcəyi stabil tərəfdaş ola bilər", - ekspert bildirib.

Qeyd edək ki, sonralar tranzit mərkəz adlandırılan "Manas" aviabazası 2001-ci ilin sonlarında, ABŞ-ın Əfqanıstanda öz əməliyyatlarına başlamasından sonra açılıb. Hazırda orada 1200-ə yaxın Amerika əsgəri yerləşdirilib. Qırğızıstanda Amerika aviabazasının yerləşdirilməsi haqqında saziş 2014-cü ilədək qüvvədədir. Qırğızıstan hakimiyyətinin məlumatına görə, baza sazişin müddəti başa çatandan sonra bağlanacaq.

Yeri gəlmişkən, Merkel bildirib ki, Azərbaycan Əfqanıstandakı əməliyyatlarda və NATO qoşunlarının bu ölkədən çıxarılmasından sonra da ABŞ-ın çox vacib müttəfiqi olacaq.

"Aeroportun açılması barədə təklif Çikaqo Konvensiyasına ziddir"

Devid Merkel hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır.

"Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi böyük diqqət tələb edir. Kazanda görüşün keçirildiyi andan son 18 ay ərzində heç nə dəyişməyib. Hesab edirəm ki, biz Minsk qrupunun bu prosesdə irəliləyişə nail olunmasında qeyri-səmərəli təşkilat olduğunu etiraf etməliyik. Və hesab edirəm ki, real nəticələrə nail olmaq üçün ABŞ münaqişənin nizamlanması məsələsində öz üzərinə liderlik rolu götürməlidir. Düşünürəm ki, bu, ABŞ-da əhəmiyyətli səviyyədə olmalıdır", - Merkel Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə iştirakı münaqişənin dinc yolla həllini sürətləndirməyə imkan verər.

Merkel tərəfləri vəziyyəti dərinləşdirə və zorakılığa səbəb ola biləcək istənilən hərəkətlərdən qaçmağa çağırıb. Eləcə də bu, Xocalı aeroportunun açılmasına aiddir.

"Aeroportun açılması barədə təklif Çikaqo Konvensiyasına ziddir. Bu aeroportun açılmasının zəruriliyi barədə təqdim olunan səbəblər əslində heç bir tənqidə tab gətirmir", - o deyib.

Merkelin sözlərinə görə, münaqişənin həll olunmaması bütövlükdə regionun inkişafını ləngidir. Yeri gəlmişkən, onun sözlərinə görə, Azərbaycanda vəziyyət Ermənistandakından qat-qat yaxşıdır.

"Azərbaycanda aktiv fəaliyyət həyata keçirilir. Azərbaycan həqiqətən öz gələcəyi barədə düşünən ölkədir. Ermənistan isə keçmişdə qalıb", - Merkel bildirib.

"Azərbaycanın enerjidaşıyıcıların tədarükünün şaxələndirilməsində rolu artıb"

Merkelin fikrincə, Azərbaycanın öz qazını Avropaya tədarükü barədə qərarı hər iki tərəfin xeyrinə olacaq.

"Azərbaycanla Avropa arasında əlaqələrin möhkəmləndirilməsi qərarı Avropa, eləcə də Azərbaycan üçün sərfəli olacaq", - Merkel deyib.

O deyib ki, Azərbaycanın enerjidaşıyıcıların tədarükünün şaxələndirilməsində rolu artıb.

Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun başqa ölkələrinin roluna qiymət vermək hələ tezdir.

"Biz hələ də başqa Xəzəryanı dövlətlərin - Türkmənistanın və Qazaxıstanın Avropaya qaz satacaqlarını bilmirik", - o deyib.

Merkel Orta Asiya qazının Avropaya deyil, Çinə və cənuba, o cümlədən Pakistan və Hindistana tədarük ediləcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti