...

Türkiyənin Turqutlu şəhərində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2013 10:33 (UTC +04:00)
Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməyiblər. Bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri Azərbaycanın ən böyük hədəflərindəndir.
Türkiyənin Turqutlu şəhərində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab verməyiblər. Bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri Azərbaycanın ən böyük hədəflərindəndir.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Trend-ə verdiyi məlumata görə, o, bunu Türkiyənin Turqutlu şəhərində Xocalı soyqırımına həsr olunmuş konfransda bildirib.

Millət vəkili qeyd edib ki, ermənilərin törətdikləri bu vəhşilik heç vaxt unudulmayacaq: "Ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq."

Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək, erməni diasporuna qarşı birlikdə mübarizə aparmağın vacibliyini söyləyib.

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir. Bu soyqırım yalanlarına qarşı mübarizəni birlik və bərabərlik içində aparmalıyıq", - deyə millət vəkili qeyd edib.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımın, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması və bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib və erməni yalanlarına qarşı mübarizədə fəal olmağa səsləyib.

Tədbirdə iştirak edən DAK başkan yardımçısı Asif Kurban, Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan Öyrəncilər Təmsilçisi Cavid Əliyev, doc.dr Vefa Kurban, dr.Hüseyn Adıgözel də çıxış edərək bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər. Natiqlər Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışıb və bu istiqamətdə birgə fəaliyyətin aparılmasının vacibliyini bildiriblər.

Tədbirdə Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyi də vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti