...

Türkiyənin Turqutlu şəhərində Azərbaycan həqiqətləri təqdim olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2013 12:44 (UTC +04:00)
Türkiyənin Turqutlu şəhərində Azərbaycan həqiqətləri, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Qaradağlı soyqırımı: şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Ruhum Qarabağlıdır” filmləri təqdim olunub.
Türkiyənin Turqutlu şəhərində Azərbaycan həqiqətləri təqdim olunub

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Türkiyənin Turqutlu şəhərində Azərbaycan həqiqətləri, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmləri təqdim olunub.

"Hocalı Soykırımı: tanıkların dili ile" və "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitablarının həmmüəllifi, "Azərbaycan həqiqətləri" filmlər toplusunu, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmlərini hazırlayan təşkilatlardan biri olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, bu layihələrin hazırlanmasında məqsəd 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrin topraqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktlarını bütün dünyaya daha geniş şəkildə göstərmək işinə dəstək göstərməkdir.

Millət vəkili Qənirə Paşayeva "Azərbaycan həqiqətləri" filmlər toplusu haqqında məlumat verərək deyib ki, burada 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar - "Soyqırım: Bakı", "Soyqırım: Quba", "Soyqırım: Şamaxı" adlı 3 film şəklində 3 diskdə öz əksini tapır: "Həmçinin, topluda Ermənistanın 20-ci əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" və "Ağdam: Qafqazın Xirosiması" filmləri də yer alıb".

Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan ordusunun törətdiyi soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Qaradağlı soyqırımı: şahidlərin dili ilə" kitabı haqqında məlumat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocavənd rayon Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb. Kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin siyahıları verilib.

"Hocalı Soykırımı: tanıkların dili ile" kitabında Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələrinin yer aldığını qeyd edən Paşayeva Türkiyə türkcəsində nəşr olunmuş kitabın Xocalı həqiqətlərinin qardaş ölkədə də daha geniş təbliği işinə xidmət edəcəyinə inandığını söyləyib.

Millət vəkili bildirib ki, bu materiallar Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Türkiyənin müxtəlif şəhərlərində, həmçinin dünyanın müxtəlif ölkələrində təqdim olunacaq, bütün dünyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara da veriləcək.

Materiallar Turqutlu şəhərinin universitetlərinə, kitabxanalarına, KİV-inə və qeyri-hökumət təşkilatlarına təqdim olunub.

Tədbirdə millət vəkili Qənirə Paşayevanın "Ruhum Qarabağlıdır" şeirlər silsiləsi əsasında Xocavənd rayon ictimaiyyəti tərəfindən hazırlanmış sənədli filmi də tədbir iştirakçılarına təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti