...

Ekspert: RF və Ermənistan liderləri Moskvanın Xocalı aeroportundan uçuşların icrasını nə dərəcədə dəstəkləyəcəyini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Mart 2013 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir E.Tariverdiyeva/

RF və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sarkisyanın görüşündə böyük ehtimalla Rusiyanın Xocalı hava limanından uçuşların həyata keçirilməsini nə dərəcədə dəstəkləyəcəyi məsələsi müzakirə ediləcək. Bu barədə Trend-ə cümə günü açıqlamasında azərbaycanlı politoloq Fərhad Mehdiyev bildirib.

"Beynəlxalq Mülki Aviasiya Təşkilatında Azərbaycanın hava limanı kimi qeydiyyatdan keçən Xocalı aeroportunun açılması üçün Ermənistanda dəstək lazımdır. Azərbaycan ölkənin hava məkanının pozulmasının yolverilməzliyi və rəsmi Bakının bu halda qabaqlayıcı addımlar atacağı barədə dəfələrlə rəsmi xəbərdarlıq edib", - Mehdiyev deyib.

Ekspertin sözlərinə görə, Ermənistan anlayır ki, Bakı hərbi hava qüvvələrində, həmçinin hava hücumundan müdafiə sistemlərində üstünlüyə malikdir və Moskvanın dəstəyi Yerevana lazımdır.

Mehdiyev hesab edir ki, bu gün Ermənistana Xocalı hava limanından uçuşların təhlükəsizliyinə zəmanəti yalnız Rusiya verə bilər, bunsuz Yerevan aeroportun istismarına başlamağa risk etməyəcək.

Politoloqun fikrincə, indi dəqiq demək olmaz ki, Rusiya belə bir zəmanəti verəcək. Nəzərə alsaq ki, Yerevan bununla Çikaqo Konvensiyasını pozacaq, o zaman məsələnin necə həssas olduğu anlaşılandır.

"Ermənistanın Xocalı hava limanının işinin ona aid olmadığını və orada qondarma "Dağlıq Qarabağ respublikası"na məxsus təyyarələrin uçuşlar həyata keçirəcəyini bildirsə də, məhz ermənilərə məxsus təyyarələr ora uçuşlar təşkil edəcək və məlumdur ki, hava limanının fəaliyyətə başlamasının təşəbbüskarı məhz Ermənistan olacaq", - Mehdiyev bildirib.

Ekspert hesab edir ki, hazırda Rusiya Ermənistan tərəfindən beynəxalq hüquq normalarının pozulmasını açıq şəkildə dəstəkləməsə də, Xocalı hava limanından həyata keçiriləcək uçuşları dəstəkləyə bilər.

"Rusiya nəyin bahasına olursa-olsun, Ermənistan və Azərbaycan arasında gərginliyin artmasında maraqlıdır. Çünki bu, Rusiyanın regionda rolunu artıra bilər", - Mehdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti