Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/
Ukrayna Minsk qrupunun son zamanlar bir qədər aşağı düşən fəaliyyətinin aktivləşdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara azərbaycanlı həmkarı Elmar Məmmədyaraovla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
ATƏT sədri bazar ertəsi Azərbaycana səfərə gəlib.
Kojara bildirib ki, Ukraynanın sədrliyi dövründə əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemləri bizi narahat edir və biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik, həmçinin qrupun fəaliyyətinin aktivləşdirilməsini zəruri hesab edirik".
Onun sözlərinə görə, Kiyev Azərbaycan və Ermənistan icmalarının görüşlərini, humanitar əlaqələri hər zaman dəstəkləyəcək: "Çünki belə görüşlər münaqişənin nizamlanmasına kömək edə bilər".