Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ötən gün Tehranda Beynəlxalq Əhli-Beyt Cəmiyyətinin sədri Məhəmmədhəsən Əxtəri ilə görüşüb. Bu barədə Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bu gün məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə fikir mübadiləsi aparılıb.
C. Axundov bir neçə gün öncə Azərbaycanda və dünyanın bir çox dövlətində, o cümlədən İranda erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərini zəbt etməsinin və dinc əhaliyə qarşı qətliam törətməsininn 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçirildiyini bildirib. Səfir deyib ki, Xocalı faciəsi bir sıra dövlətlərin, o cümlədən Pakistan, Peru, Çex Respublikası, Bosniya və Herseqovina, Meksika və s. parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrində azərbaycanlılara qarşı soyqırım aktı kimi tanınır.
Diplomat Xocalı soyqırımının tanınmasında İslam dünyasının vahid, həmrəy mövqedən çıxış etməsi zərurətini vurğulayıb.
C.Axundov "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Malayziyadan tutmuş Mərakeşə qədər islam ölkələrində Azərbaycanın qədim torpaqları olan Qarabağın işğalından öncə - Ağdam və Şuşada son dəfə səsləndirilmiş Qazi Qarabağ azanının səsləndirildiyini diqqətə çatdırıb, yaxın zamanlarda İrandakı məscidlərdə də Qazi Qarabağ azanının səsləndiriləcəyi və bu azanla bağlı müvafiq məlumatın təqdim edilməsi üçün mərasim keçiriləcəyinə ümidini ifadə edib.
Beynəlxalq Əhli-Beyt Cəmiyyətinin sədri Məhəmmədhəsən Əxtəri Tehrandakı məscidlərdə, habelə Əhli-Beyt Cəmiyyəti nəzdində fəaliyyət göstərən və Avropada ərəb dilində yayımlanan televiziya kanalında Qazi Qarabağ azanının səsləndirilməsinin təmin ediləcəyini Azərbaycan səfirinə bildirib.
C.Axundov həmsöhbəti M.Əxtəriyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarındakı müsəlman dini abidələrinin yox edildiyi, məscidlər, imamzadələr və qəbiristanlıqların viran olunduğu barədə ətraflı məlumat verib.
Görüş zamanı səfir Axundov Bakıda və Azərbaycanın bir çox bölgələrində çox sayda məscidlərin tikintisi, bərpası və yenidən qurulmasının ölkə rəhbərinin şəxsi göstərişi və nəzarəti əsasında həyata keçirildiyi, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə cəmi 17 məscid olduğu halda, son 20 il ərzində tikilmiş və ya bərpa edilmiş məscidlərin sayının təxminən iki minə çatdığını, Bakıdakı Təzəpir məscidi, Əjdərbəy məscidi, Şamaxıdakı Cümə məscidi və s. dövlət hesabına əsaslı təmir və ya bərpa edildiyini diqqətə çatdırıb.