...

Politoloq: Dağlıq Qarabağın azərbaycanlı icması təmsilçisinin dövlət müşaviri təyin edilməsi ermənilərin icmalarla bağlı hiylələrinin qarşısını alacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2014 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçisi Kamal Abdullanın dövlət müşaviri təyin edilməsi ermənilərin icmalarla bağlı hiylələrinin qarşısını alacaq. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ermənilərin Azərbaycana qarşı təbliğatında yeniliklər var. Ermənilər dünya ictimaiyyətini və ya onun ayrı seqmentlərini Azərbaycana inanmamağa çağırıblar. Ermənilərin acizliyini göstərən bir neçə belə müraciət edilib: "Haydat" (erməni məsələsi) Avropa İttifaqına (Aİ) müraciət edərək Azərbaycanı Ukrayna üçün donor ölkələr sırasından çıxarmağa çağırdı. Norveç, Yaponiya, ABŞ və Aİ üzvləri kimi ölkələrlə bir sırada Azərbaycanın adını görmək ermənilərdə böyük məyusluq yaradır. Həmin müraciətdə ermənilər Ukraynanı Azərbaycanın "kürü diplomatiyasından" uzaq durmağa çağırdılar. Digər fakt odur ki, Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) ABŞ konqresmenlərini Prezident İlham Əliyevin təsiri altına düşməməyə çağırdı. Bundan başqa, Aİ-Ermənistan parlamentlərarası komissiyanın erməni üzvləri avropalı həmkarlarını Azərbaycanın xeyrinə lobbiçiliq etməməyə çağırdılar".

Mərkəz direktorunun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda "icma termini"ni populyarlaşdırırlar: "Kənd icmaları", filan "milli icma" terminlərinin mətbuatda işlənməsi artıb. "Dağlıq Qarabağ prezidenti" xüsusi tapşırıqlar üzrə səfir təyin etdi. Bu kontekstdən Azərbaycan Prezidentinin milli, dini və multikulturalizim üzrə dövlət müşavirliyinin təsisi və bu vəzifəyə Dağlıq Qarabağ mənşəli, "Dağlıq Qarabağın azərbaycanlı icması" ictimai birliyinin idarə heyətinin üzvü, görkəmli ziyalı Kamal Abdullanı təyin etməsi erməniləri bu yönümlü bütün hiylələrinin qarşısını ala biləcək. Kamal Abdulla həm ümumilikdə azərbaycanlıları, həm də Dağlıq Qarabağ azərbaycanlılarını təmsil etmək hüququna malikdir".

M.Əhmədoğulu hesab edir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin cəlbediciliyinin artırılması vacib şərtdir: "Xarici siyasətçilər, rəsmilər, ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşə meyilli olmalıdır. Ermənilər və onların beynəlxalq havadarları icmalararası dialoqun iflasa uğraması üçün plan hazırlamışdılar. Azərbaycan Prezidenti önləyici addım atdı. Ermənilər ya geri çəkilməli, ya da həqiqətən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa getməklə Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələsinin başlanmasına razılıq verməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti