...

BMT rəsmisi: Artıq Dağlıq Qarabağ probleminin həllinə nail olmağın vaxtı çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2014 14:19 (UTC +04:00)
Artıq Dağlıq Qarabağ probleminin sülh yollu ilə həllinə nail olmağın vaxtı çatıb. Bu, Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək.
BMT rəsmisi: Artıq Dağlıq Qarabağ probleminin həllinə nail olmağın vaxtı çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Artıq Dağlıq Qarabağ probleminin sülh yollu ilə həllinə nail olmağın vaxtı çatıb. Bu, Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək. Trend-in məlumatına görə, bunu BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Bakıda Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycana səfərinin əsas məqsədinin məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması olduğunu deyən BMT məruzəçisinin sözlərinə görə, Azərbaycana rəsmi səfər etmək, məcburi köçkünlərin vəziyyətini öyrənmək onun üçün böyük şərəf və təcrübə olub.

Ç.Beyani qeyd edib ki, bu səfər çərçivəsində məcburi köçkünlərin qayıtması, olduğu yerdə qalması və digər yerə köçürülməsi nəzərdən keçirilir: "İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmə, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib".

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunmasının mümkünlüyü üçün beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir: "Bu səylər eyni zamanda məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir. Bildiyim qədər son illər ərzində ölkədə "Böyük qayıdış" planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə verməyə, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq aparmaq niyyətindəyəm. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışlayıram. Təcrübəmdə gördüyüm ən yaxşı nümunədir. Bu kimi yanaşma məcburi köçkünlərin qayıdışı zamanı da təmin olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti