...

Rövşən Rzayev: Xocalı soyqırımının təşkilatçıları, iştirakçıları Ermənistana rəhbərlik edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2015 11:54 (UTC +04:00)
Uzun müddətdir Azərbaycan torpaqları işğal altındadır. Azərbaycana qarşı törədilmiş Xocalı soyqırımının təşkilatçıları, birbaşa iştirakçıları bu gün Ermənistana rəhbərlik edirlər.
Rövşən Rzayev: Xocalı soyqırımının təşkilatçıları, iştirakçıları  Ermənistana rəhbərlik edirlər

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Uzun müddətdir Azərbaycan torpaqları işğal altındadır. Azərbaycana qarşı törədilmiş Xocalı soyqırımının təşkilatçıları, birbaşa iştirakçıları bu gün Ermənistana rəhbərlik edirlər. Onlar bunu dünyanın gözü qarşısında açıq-aşkar etmələrinə baxmayaraq, həm Avropa Parlamenti, həm də AŞPA ədalətsiz qərarlar çıxarırlar. Bu, ikili standartların dözülməz dərəcəyə çatması və beynəlxalq hüququn hüquqsuzluğa uduzması deməkdir. Belə olanda Azərbaycan Prezidenti, Ali Baş Komandan öz iradlarını bildirməliydi. Cənab Prezidentin səsləndirdiyi iradların hamısı haqlı idi və hər birimiz onu dəstəkləyirik. Azərbaycana qarşı bu cür ədalətsiz mövqe dəyişməyənə qədər biz öz sözümüzü deməyi bacarmalıyıq.

Bunu Trend-ə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə heyətinin üzvü, deputat Rövşən Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında Qarabağ problemi, Ermənistanın işğalçı siyasəti və beynəlxalq təşkilatların ikili standartları, qərəzli mövqeyi barədə fikirlərini şərh edərkən deyib.

R.Rzayevin fikrincə, Ermənistan heç zaman Azərbaycana rəqib ola bilməz: "Ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğal edəndə də onların heç bir potensialı Azərbaycan xalqının gücünün, qüdrətinin qarşısında dura bilməzdi. O zaman ermənilər bunu Rusiyanın 366-cı alayının hesabına etdilər, bu gün isə bəzi aparıcı dövlətlərə arxalanaraq işğalçı qüvvələrini Azərbaycan ərazilərində saxlaya bilirlər. Ermənistan heç bir cəhətdən özünü Azərbaycanla bir tuta bilməz. İstər iqtisadi, istər siyasi, istərsə də bu ölkələri idarə edənlərin şəxsiyyətlərinə baxsaq, onlar müqayisəedilməzdir. Azərbaycan xalqının tolerantlığı, gücü, qüdrəti hara, Ermənistanınkı hara? Bunu özləri də bilirlər. Sadəcə olaraq, müəyyən dövlətlərin marağında olduğuna görə bu işğal faktını qoruyub saxlayırlar".

Millət vəkili hesab edir ki, münaqişənin bu qədər uzanmasının səbəbi danışıqlar prosesinə cəlb olunmuş dövlətlərin onun həllində maraqlı olmamasıdır: "Necə olur ki, ABŞ, Fransa, Rusiya 20 ildən artıqdır Minsk Qrupu çərçivəsində danışıqlar aparırlar, amma bu günədək nə Dağlıq Qarabağ, nə də Dağlıq Qarabağa aid olmayan 7 rayon işğaldan azad edilməyib? Bu necə ola bilər? Bundan başqa, bizim əleyhimizə olan qərarları dəstəkləyirlər. Mən AŞPA-da bunun şahidi olmuşam. Axı bunlar ağa qara deməklə nə etmək istəyirlər?"

Qərəzli və ikili standartlardan çıxış edən, bu mövqeyi nümayiş etdirən beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyətini dayandırması və ya bu qurumların üzvlüyündən çıxması ehtimalına gəlincə, millət vəkili qeyd edib ki, bu, Azərbaycan Prezidentinin mövqeyindən asılıdır: "O, hansı yolu tutsa, hansı yolu məsləhət görsə, Azərbaycan o yolla da gedəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti