Bakı. Trend:
Qarşı tərəfin xahişinə əsasən xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir M.Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, E.Məmmədyarovu 5 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət edib.
E.Məmmədyarov öz tərəfindən dəvətə görə təşəkkürünü bildirib. Xarici işlər naziri Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayaraq, cari ilin 5-6 mart tarixlərində Moskvada Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu vurğulayıb. Nazir həmçinin qeyd edib ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı narazılığımız Rusiya tərəfinə çatdırılıb. Bununla bağlı vurğulanıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.
Söhbət əsnasında tərəflər həmçinin, bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıb.