...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsas prinsiplərini əhatə edən iki səhifəlik sənəd hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2005 17:00 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının əsas prinsiplərini əhatə edən sənəd layihəsi üzərində iş aparır. Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

"Bu, münaqişənin nizama salınmasının əsas prinsiplərini əhatə edən iki səhifəlik sənəddir və tərəflər bununla razılaşmalıdır. Bu, nə şəkildə olacaq, hələlik mən deyə bilmərəm" -deyə diplomat bildirib. Onun sözlərinə görə, bu prinsiplər qəti olaraq bəyənildikdən sonra hər iki tərəfin ekspert nümayəndə heyətlərinin görüşü keçiriləcək və onlar əsas sənədi tərtib edəcək. Çünki onlarda artıq öz rəhbərliklərinin müvafiq sanksiyası olacaq.

Y.Merzlyakov hesab edir ki, münaqişənin nizama salınması prinsipləri ilə bağlı razılığa gəlmədən hər hansı bir layihə tərtib etmək mənasızdır. "Həmsədrlər (əvvəlki - red. Trend ) artıq bir neçə variantlar təklif edib. Tərəflərdən biri deyib yox, bu, bizi qane etmir və heç nə alınmayıb. İndi belə etməyin tamamilə heç bir əhəmiyyəti yoxdur və heç kim də bunu istəmir. Buna görə də, öncə bunun necə işləyəcəyi barədə razılığa gəlmək lazımdır, sonra isə artıq tərtib etmək olar. Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın sonuna planlaşdırılmış görüşünədək layihəni hazırlamaq mümkün olacaqmı? - sualını cavablandırarkən Y.Merzlyakov bildirib ki, "hələlik biz elə bununla məşğuluq, bu, necə olacaq deyə bilmərəm".

Regiona son səfər zamanı münaqişə tərəflərinin fikirlərində ziddiyyətin azalması müşahidə edilirdimi? - sualına cavab olaraq rusiyalı həmsədr deyib: "Mövqe yaxınlığı vardır. Amma bununla belə bu və ya digər tərəf üçün məqbul olmayan anlayış da vardır. Buna görə də həm bizim üçün, həm də tərəflər üçün variant axtarışı məkanı daralıb. Bir tərəfdən bu, tapşırığı asanlaşdırır. Amma mən hələlik deyə bilmərəm ki, razılaşdırılma əldə olunub" -deyə Y.Merzlyakov qeyd edib.

Xəbər lenti

Xəbər lenti