...

Rəfael Hüseynov: "Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə və BMT-yə müraciətlər edilməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2006 17:07 (UTC +04:00)

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə, BMT və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər edilməlidir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov bildirib ki, "Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlər" və "Ermənistanın azərbaycanlılara qarşı apardığı etinik təmizləmə" adlı sənədlər AŞPA-nın yay sessiyasında nəşr edilib: "AŞPA-ya üzv olan bir çox dövlətlərin üzvləri bu sənədlərə imza atıblar. Biz gözləməli deyilik ki, münaqişə, ermənilərin xalqımıza qarşı apardığı soyqırım, vandalizm aktları başa çatdıqdan sonra dəyən ziyanla bağlı beynəlxalq təşkilatlara müraciət edək. Bu prosesi indi həyata keçirməliyik".

Millət vəkili onu da əlavə edib ki, AŞPA-nın yay sessiyasında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində qəsdən törətdikləri yanğınlarla bağlı məsələlərin diqqətdə saxlanılmasına və Ermənistan nümayəndə heyətinin rəhbəri Tiqran Torasyanın bu aktları təsdiqləməsinə baxmayaraq yanğınlar hələ də davam edir: "Mən elə həmin vaxt Nazirlər Komitəsi qarşısında məsələ qaldırdım ki, ermənilərin işğalçı siyasəti ilə bağlı sənədlər ayrıca müzakirə olunsun, problemin Avropa İnsan Haqları Məhkəməsində qaldırılması üçün tövsiyələr verilsin. İnsanlığa qarşı cinayətlər törətmiş ermənilərin hərəkətlərinə hüquqi, siyasi, tarixi qiymət verilsin".

R.Hüseynov onu da qeyd edib ki, bu məsələlərlə bağlı AŞPA tərəfindən məruzəçinin də təyin olunması arzuolunandır.

Xəbər lenti

Xəbər lenti