Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiq göstərməlidir. Trend Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri oktyabrın 9-da Müdafiə Nazirliyində NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edən Azərbaycanın müdafiə naziri general polkovnik Səfər Əbiyev söyləyib.
Müdafiə naziri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması Azərbaycan-NATO əlaqələrinin inkişafına maneçilik törədir. O, həmçinin qonağın diqqətinə çatdırıb ki, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramının əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasıdır. Ermənistan isə bu Proqramın üzvü olmasına baxmayaraq, hələ də bu öhdəliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmir.
Cənab Simmons isə öz növbəsində səmimi qəbula görə müdafiə nazirinə təşəkkürünü bildirib və qeyd edib ki, "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı"nın yerinə yetirilməsində Azərbaycanın əldə etdiyi uğurlar NATO tərəfindən yüksək qiymətləndirilir.