Türkiyə, Ankara / müx. Trend A.Ələskərov / Bu gün Türkiyənin Xarici İşlər Nazirliyi Ankarada iyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilməsi planlaşdırılan "prezident seçkiləri"ni pisləyən bəyanat yayıb.
Sənəddə göstərilib ki, məlum olduğu kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2006-cı il dekabrın 10-da "Konstitusiya üzrə referendum"dan sonra 2007-ci il iyulun 19-da "prezident seçkiləri"nin keçirilməsi planlaşdırılır. Bəyanatda bildirilir ki, seçkilər Ankarada Dağlıq Qarabağda mövcud olan vəziyyəti beynəlxalq hüquq normaları nöqteyi -nəzərindən qanuniləşdirməyə yönəlmiş cəhdlərin və birtərəfli addımların tərkib hissəsi, həmçinin Təhlükəsizlik Şurası və ATƏT çərçivəsində qəbul olunan qərarlara əməl edilməməsi kimi qiymətləndirilir.
Bəyanatda həmçinin bildirilir ki, ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində "prezident seçkiləri"nin keçirilməsini sülh prosesinə meydan oxumaq kimi qiymətləndirmək lazımdır. Bununla əlaqədar olaraq, Türkiyə XİN-i "prezident seçkilər"ini siyasi birliyin, Azərbaycanın suverenlik və ərazi bütövlüyünün pozulmasına növbəti cəhd kimi pisləyərək bu seçkiləri beynəlxalq hüquq nöqteyi-nəzərindən qanuni hesab etmir və onun nəticələrini tanımır.