...

Müsavat prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair qərarı sabah verəcək

Siyasət Materials 11 Oktyabr 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə / Müxalifəti təmsil edən Müsavat Partiyası 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair qərarı cümə günü verəcək. Bu barədə cümə axşamı Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

"Sabah saat 12.00-da partiyanın qərargahında Müsavat Partiyası Məclisinin iclası keçiriləcək. İclasın gündəliyində olan əsas məsələ prezident seçkisi ilə bağlı partiyanın mövqeyinin müəyyənləşdirilməsi və bununla bağlı qərarın qəbul olunmasıdır" - deyə Hacılı əlavə edib.

Hacılı qeyd edib ki, Müsavat Partiyasının prezident seçkilərini boykot etməsi ehtimalı azdır. Partiya rəhbərliyi seçkilərdə iştirakın tərəfdarıdır.

Onun sözlərinə görə, Müsavat Məclisi seçkilərdə iştirak haqqında qərar qəbul edəcəyi təqdirdə, partiyanın namizədi də müəyyənləşdiriləcək: "Partiyanın prezidentliyə namizədi kimi əsəsən başqan İsa Qəmbərin adı hallanır. Bu gün alternativ namizəd yoxdur. Amma Məclisin iclasında partiya üzvlərindən kimsə namizədliyini irəli sürə bilər".

Azərbaycanda prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək. Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cö illərdə) və 2003-cö ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 4 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti